Seçki mütəxəssisi: “Seçki qanunvericiliyinin pozulması ilə bağlı cəzalar yüngüldür. Əksər pozuntularla bağlı təkcə cərimələr tətbiq olunur”
1 sentyabra təyin olunan növbədənkənar parlament seçkilərinə cəmi 20 gün qalıb. Avqustun 9-dan isə seçkiqabağı təşviqat kampaniyasına başlanılıb.
Ancaq müşahidələr göstərir ki, seçkiqabağı təşviqat kampaniyasına rəsmi elanı gözləmədən başlayanlar da var. Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərindən biri, VI çağırış Milli Məclisin deputatı Anar Məmmədov da onlardandır.
Hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən irəli sürüb. O, artıq ayın 8-də seçki posterini Tərtər rayonunun Borsunlu kəndində məntəqənin qarşısına vurub və seçki təbliğatına başlayıb.
Bu dairədən olan digər namizəd Şəhriyar Məcidzadə bildirib ki, Məmmədovun seçki pozuntusuna yol verməsilə bağlı MSK-ya şikayət ünvanlayıb. O, Anar Məmmədovun namizədliyinin ləğv edilməsini istəyir.
MSK məsələ ilə bağlı sualları cavabsız qoysa da, bu günlərdə eyni pozuntu halına görə başqa bir namizədə, 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış müstəqil namizəd Məmməd Əliyevə rəsmi xəbərdarlıq edilib.
Seçkilər üzrə mütəxəssis Məmməd Məmmədzadə deyir ki, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində seçki qanunvericiliyinin pozulması ilə bağlı nəzərdə tutulan cəzalar yüngüldür. Onun sözlərinə görə, əksər pozuntularla bağlı təkcə cərimələr tətbiq olunur və bu cərimələrin məbləği çox azdır.
“Cəzalar müvafiq dövrə uyğun yenilənməli, yəni ağırlaşdırılmalıdır. Topa bülleten atma, bir neçə dəfə səsvermə kimi xeyli sayda pozuntu halları olur, ancaq bunların heç biri ilə bağlı cəza tətbiq olunduğunu görməmişik”.
Ekspert deyir ki, qanunvericiliyin tətbiq olunması zamanı da ayrıseçkiliyə yol verilir.
“Biz görürük ki, bir sıra pozuntularla bağlı cəzalar hakim partiyanın üzvlərinə tətbiq olunmur, əsasən müstəqillərə və partiya üzvlərinə qarşı tətbiq olunur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər beynəlxalq təşkilatların ümumi rəyi belə olur ki, Azərbaycanda Mərkəzi Seçki Komissiyası (MSK) seçki iştiraklarına ədalətli və bərbər seçki şəraiti yaratmayıb. Hər iki tərəf üçün seçki prosesi eyni dərəcədə əlverişli olmayıb. Hakim partiya inzibati resurslardan istifadə edərək öz təbliğat və təşviqat kampaniyasını həyata keçirib. Yəni, mübarizə bərbər şərtlərdə olmayıb”.