Həftənin hərbi-siyasi icmalı: NATO Cənubi Qafqazda hərbi təhsili yenidən qurur, Ermənistan Avropa ilə təmasları artırır

Həftənin hərbi-siyasi icmalı: NATO Cənubi Qafqazda hərbi təhsili yenidən qurur, Ermənistan Avropa ilə təmasları artırır
19 Aprel 2026
Mətni dəyiş

Həftə ərzində Cənubi Qafqaz ölkələrində diqqətçəkən bir sıra hərbi və siyasi proseslər baş verib. Ermənistan ilə Avropa Birliyi arasında təmasların intensivləşməsi, NATO-nun region ölkələrinin ordularında yeni hərbi təhsil proqramlarını reallaşdırmaı, həmçinin Bakı və Yerevan arasında sülh təmaslarının davam etməsi əsas gündəm mövzuları olub.

 NATO Cənubi Qafqaz üçün təhsil planı hazırlayır?

Aprelin əvvəllərində NATO-nun Müdafiə və Təhlükəsizlik Əməkdaşlığı İdarəsinin nümayəndələri Bakıda Azərbaycan Milli Müdafiə Universitetinin və onunla əlaqəli hərbi təhsil müəssisələrinin rəhbərliyi və şəxsi heyəti ilə görüşüblər. Səfərin məqsədi NATO-nun Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) çərçivəsində davam edən islahat səylərini qiymətləndirmək olub.

Foto: Milli Müdafiə Universiteti

NATO-nun bu barədə yaydığı rəsmi məlumata görə, görüşdə DEEP çərçivəsində Azərbaycan üzrə illik icmal keçirilib və son təhsil irəliləyişləri nəzərdən keçirilib. Tədbirdə NATO DEEP e-Akademiyasının nümayəndəsi də iştirak edib və Qabaqcıl Paylanmış Təlimin (ADL - Advanced Distributed Learning) inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın hərbi təhsil müəssisələrində ADL-in necə inkişaf etdiyi, əsas mərhələlərin necə müəyyən edildiyi, eləcə də Azərbaycan hərbi təhsil sistemində Təlimin İdarəetmə Sisteminin (Learning Management System) hazırlanması və tətbiqi ilə bağlı irəliləyişlər müzakirə obyekti olub.

NATO-nun məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyinin tələbi ilə DEEP müəllim heyətinin və tədris planının hazırlanmasını dəstəkləməyə, ingilis dili təlimi və testlərinin NATO standartlarına uyğunlaşdırılmasına davam edəcək. DEEP mütəxəssislərinin ötən ilin sonunda baş tutmuş səfərindən sonra elektron təlim platformasının idarə olunması imkanlarının artırılması nəticədə bütün Azərbaycan hərbi təhsil sisteminə şamil ediləcək. Azərbaycan Müdafiə Nazirliyinin sorğusuna cavab olaraq və bu ilin sonlarında planlaşdırılan növbəti səfərdən sonra DEEP NATO ilə qarşılıqlı fəaliyyəti artıraraq gizir heyətinin inkişafına dəstək verməlidir.

NATO bildirir ki, Azərbaycan Ali Hərbi Məktəbinin xüsusi müşaviri general-mayor Hüseyn Mahmudov 8 avqust Sülh Bəyannaməsindən sonra regionun gələcəyi üçün yeni təkan qazanan prosesdə DEEP-in köməyini yüksək qiymətləndirib.

DEEP-lə bağlı məsələləri daha dərindən araşdırmaq məqsədilə NATO-nun müvafiq strukturuna və Azərbaycanın Milli Müdafiə Universitetinə sorğular göndərilib, lakin məqalə dərc olunanadək hər hansı cavab əldə edilməyib.

DEEP proqramı nədir?

NATO-nun rəsmi izahına görə, DEEP islahat vasitəsidir və ayrı-ayrı ölkələrə peşəkar hərbi təhsil müəssisələrinin inkişafında və islahatlarında xüsusi praktik dəstək göstərir. DEEP proqramı fakültə inkişafı, tədris planının hazırlanması, birgə fəaliyyətlər və əlaqələr vasitəsilə müdafiə potensialını və təsisat quruculuğunu təşviq edir. Demokratik təsisatları gücləndirməklə NATO-nun Avro-Atlantik məkanında və ondan kənarda sabitlik layihəsi səylərinə mühüm töhfə verir.

DEEP proqramı NATO ilə ayrı-ayrı ölkələr arasında ikitərəfli tərəfdaşlıq əməkdaşlıq proqramlarında müəyyən edilmiş məqsədləri dəstəkləmək üçün milli ehtiyacları ödəməyə yönəlmiş tələbatlara əsaslanır. Bu proqram NATO üzv dövlətlərində və tərəfdaş ölkələrdə fəaliyyət göstərən təxminən 75 təhlükəsizlik və müdafiə təhsili müəssisəsindən 900-dən çox mütəxəssisin dəstəyi ilə ev sahibi olan ölkələrə modernləşdirmə və islahat üçün ən təcili tələblərə cavab verməyə kömək edir.

DEEP proqramı əvvəlcə 2008-ci ildə Qazaxıstanın Milli Müdafiə Universitetində sınaqdan keçirilib. Bu proqramda Qazaxıstanın özünün xüsusi maraqlarına və ehtiyaclarına istinad edilirdi.

Foto: NATO DEEP ADL portal

Qazaxıstandakı uğurundan sonra Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovada fərdi DEEP - müəllim heyətinin inkişafı proqramları başladılıb. Bu ilkin proqramlar əsasən fəaliyyət göstərdikləri sovet modelini əvəz etmək üçün alternativ pedaqoji yanaşmalar axtaran keçmiş sovet respublikalarını və Şərqi Avropa dövlətlərini hədəf alırdı.

Hazırda 15 ölkə DEEP-in tərəfdaşıdır: Ermənistan, Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya, Gürcüstan, İraq, İordaniya, Qazaxıstan, Mavritaniya, Moldova, Monqolustan, Mərakeş, Serbiya, Tunis və Ukrayna. Bu çərçivədə həmçinin Özbəkistan Silahlı Qüvvələri Akademiyası ilə tərəfdaşlıq edilir.

Alyansla fərdi ikitərəfli əməkdaşlıq planı olan istənilən NATO tərəfdaş ölkəsi DEEP proqramının hazırlanmasını tələb edə bilər. Bir ölkə DEEP proqramı tələb etdikdə çoxmillətli DEEP qiymətləndirmə qrupu həmin ölkəyə səfər edir. Qiymətləndirmə səfərinin nəticələrinə əsasən, DEEP qrupu adətən üç illik müddət üçün təklif olunan fəaliyyət planı hazırlayır. Tərəfdaş ölkə fəaliyyət planını təsdiqlədikdən və maliyyələşdirmə müəyyən edildikdən sonra xüsusi dəyişiklik və islahat planı həyata keçirilir.

Azərbaycan üçün DEEP: çətinliklər və problemlər

Azərbaycanın NATO yanında nümayəndəliyinin yaydığı məlumata görə, Müdafiə Nazirliyi NATO standartlarını təhsil və təlimə daha da tətbiq etmək, milli hərbi təlim və təhsil sisteminin müəyyən sahələrini təkmilləşdirmək üçün NATO-nun Beynəlxalq Qərargahından dəstək istəyib və beləcə, 2008-ci ildən bəri Azərbaycan DEEP sənədinin köməyi ilə peşəkar hərbi təhsil sistemini təkmilləşdirir.

Məlumatda bildirilir ki, DEEP Azərbaycanın peşəkar hərbi təhsil sisteminin inkişafı və islahatı üçün xüsusi hazırlanmış, praktik dəstək verən proqramdır və bununla da hərtərəfli müdafiə islahatlarını təşviq edir. Proqram yeni yaradılmış Milli Müdafiə Universitetində tədris planı və müəllim heyətinin inkişafına yönəlib.

“Bundan əlavə, DEEP təşəbbüsü çərçivəsində Azərbaycan təhsil və təlim sistemlərinin həm effektiv, həm də səmərəli olmasını təmin etmək üçün NATO-nun Qabaqcıl Paylanmış Təlim (ADL) təcrübələrini tətbiq edir ki, bu da ən son akademik və sənaye nailiyyətlərini əks etdirir”, - deyə məlumatda bildirilir.

Foto: Milli Müdafiə Universiteti

Qeyd edilir ki, Azərbaycan-NATO tərəfdaşlığının əsas məqsədləri NATO standartlarının milli hərbi təlim və təhsil sisteminə inteqrasiyasına yönəlib. Uzunmüddətli məqsəd olaraq bu təşəbbüsə milli hərbi təlim proqramlarının və tədris planlarının NATO standartlarına uyğunlaşdırılması, o cümlədən əsas, taktiki, əməliyyat və strateji səviyyəli kursların, eləcə də çavuş təliminin yenilənməsi daxildir.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2008-ci ildən fəaliyyətini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında başlayan DEEP proqramı 2018-ci ildən etibarən Heydər Əliyev adına Hərbi İnstitutda, 2021-ci ildən isə Hərbi Tibb Fakültəsinin pedaqoji heyətinin təkmilləşdirilməsi, kurikulumlarının müasir standartlara uyğunlaşdırılması və tətbiqinə beynəlxalq dəstəyini davam etdirir.

Beləliklə, son məlumatlardan görünür ki, DEEP proqramının hazırkı mərhələsi əsasən Azərbaycan Milli Müdafiə Universitetində müəllim heyətinin inkişafı və gizir heyətinin hazırlığının NATO standartlarına çatdırılmasına yönəlib.

NATO-nun son qiymətləndirmə missiyaları Azərbaycanın hərbi təhsil sistemində, xüsusən e-təhsil və müəllim heyətinin inkişafı sahəsində irəliləyiş olduğunu bəyan etsə də, bir sıra ekspertlərin fikrincə, Azərbaycanın DEEP proqramı çərçivəsində, xüsusilə də e-təlim üzrə əməkdaşlıqda ortaya çıxa biləcək əsas problemlər həm texniki-struktur, həm də geosiyasi faktorlarla bağlı ola bilər. Geosiyasi amillər dedikdə burada regional güclərin təzyiqi nəzərdə tutulur. Belə ki, Azərbaycanın NATO ilə getdikcə daha çox yaxınlaşması Rusiya və İran kimi regional aktorların maraqları ilə toqquşaraq geosiyasi gərginliyə səbəb ola bilər. NATO-nun monitorinq, kiber müdafiə və sanksiyalara əməl olunması ilə bağlı tələbləri Azərbaycanın bir sıra ölkələrlə, məsələn, Rusiya ilə hərbi-texniki əməkdaşlığında məhdudiyyətlər yarada bilər.

İndiyədək bu istiqamətdə səslənmiş və dərc olunmuş fikir və rəylərin icmalına əsasən, bir sıra çətinliklər texniki və struktur xarakter daşıyır. Buraya dil baryeri və standartlaşdırma, infrastruktur və rəqəmsallaşma prosesi, kadr potensialının keyfiyyəti və başqa istiqamətlərdəki problemlər aiddir. Eyni zamanda, kibertəhlükəsizlik istiqamətində mütəxəssis hazırlığının kifayət qədər olmaması və ya səmərəli qurulmaması əsas problemlərdən biri sayılır.

Azərbaycan Silahlı Qüvvələrində mövcud olan korrupsiya və qeyri-şəffaflıq islahatlarda əsas əngəllərdən hesab olunur. Belə ki, DEEP-in əsas məqsədlərindən biri hərbi təhsildə müasir standartların tətbiqi və peşəkar kadrların yetişdirilməsidir. Əgər hərbi təhsil müəssisələrinə qəbul və ya vəzifəyə təyinat dürüstlük əvəzinə rüşvət və ya “himayədarlıq”, “tanışlıq” əsasında baş verərsə, bu, proqramın yetişdirdiyi bilikli kadrların sistemdən kənarlaşmasına və ya motivasiyasızlaşmasına səbəb olur. Nəticədə NATO standartlarına uyğun kurikulumlar formal olaraq qəbul edilsə də, onların praktiki tətbiqi zəifləyir.

NATO proqramları həm də resursların səmərəli idarə olunmasını, məsələn, e-satınalmaları təşviq edir. Beləliklə, müdafiə sektorunda satınalmaların qeyri-şəffaf olması DEEP çərçivəsində tətbiq edilən logistik və idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edəcək. Nəticədə institusional islahatlar üçün ayrılan vəsaitlərin təyinatı üzrə işlədilməməsi riski yaranır.

NATO ilə tərəfdaşlıq qarşılıqlı etimada əsaslanır. Amma Azərbaycanla bağlı vəziyyət fərqli görünür. Belə ki, “Transparency International” kimi təşkilatların hesabatlarında Azərbaycanın müdafiə sektoru “çox yüksək” korrupsiya riski qrupuna daxil edilib. Belə bir mühitdə islahatların “kağız üzərində” qalması və real dəyişikliklərin baş verməməsi riski beynəlxalq tərəfdaşların proqrama olan inamını azalda bilər. Ümumilikdə korrupsiya islahatların effektini azaldan “tormozlayıcı” faktor rolunu oynayır. NATO ilə daha dərin inteqrasiya çox vaxt korrupsiyaya qarşı mübarizə və şəffaf islahatlarla şərtləndirilir ki, buna da Azərbaycan hakimiyyətinin maraqlı olduğunu demək çətindir.

Ermənistanla münasibətlərdə nə baş verir?

DEEP proqramı çərçivəsində Ermənistanla bağlı son seminar 19-24 yanvar 2026-cı il tarixlərində Rumıniya və Polşada baş tutub. Bu tədbirlərdə Ermənistan üçün peşəkar hərbi təhsil sisteminin yaradılması üzrə hərtərəfli prosesin təşviq edilməsi nəzərdə tutulmuşdu. Seminarda Ermənistan Müdafiə Nazirliyinin və Hərbi Akademiyanın nümayəndələri hər iki NATO ölkəsində mövcud təhsil sistemlərini araşdırıblar.

Foto: NATO DEEP ADL portal

Strukturlaşdırılmış müzakirələr vasitəsilə iştirakçılar beynəlxalq təcrübəni Ermənistan kontekstinin spesifik ehtiyaclarına uyğunlaşdırmaq üçün praktik yollar müəyyən ediblər.

Ümumilikdə Ermənistan Müdafiə Nazirliyi DEEP çərçivəsində NATO ilə əməkdaşlığı müsbət qiymətləndirir və bunu Silahlı Qüvvələrdə, xüsusilə də hərbi təhsil sistemində islahatlar və NATO ilə əməkdaşlığı gücləndirmək istiqamətində vacib vasitə hesab edir.

Bir sıra ekspertlərin fikrincə, Ermənistanın NATO-nun DEEP proqramı çərçivəsində üzləşdiyi əsas problemlər və çətinliklər hərbi təhsil sisteminin sovet modelindən Qərb standartlarına keçidi, habelə regional geosiyasi gərginliklərlə bağlıdır. Müşahidələr göstərir ki, proqramın tətbiqi çərçivəsində komanda və idarəetmənin yenidən qurulması prosesi həyata keçirilir və əsas çətinliklər də məhz burada ortaya çıxır. Belə ki, Ermənistan hərbçiləri öz komanda və idarəetmə prosedurlarını sovet sistemindən daha çevik Qərb modellərinə uyğunlaşdırmaqda çətinlik çəkirlər. Eyni zamanda, Silahlı Qüvvələrdə baş verən dəyişikliklər və islahatlar köhnə sistemə alışmış kadrların müəyyən maneələrilə qarşılaşır.

Ermənistan ordusunda NATO təhsil sisteminə keçidin əsas problemlərindən biri də aşağı komandir korpusunun inkişafı ilə bağlıdır. Müşahidələr göstərir ki, aşağı səviyyəli komandirlərin, yəni gizirlərin müstəqil qərar vermə qabiliyyətinin artırılması hələ də davam edən çətin bir prosesdir.

Bununla yanaşı, Azərbaycanda olduğu kimi Ermənistan Silahlı Qüvvələrində də NATO-nun e-təhsil platformalarının işə salınmasında bir sıra texnoloji və akademik maneələr mövcuddur. Belə ki, onlayn təhsil və yeni rəqəmsal alətlərin tətbiqi üçün müəllim heyətinin rəqəmsal bilik və bacarıqlarının artırılmasına ehtiyac var. Bununla yanaşı, süni intellekt, virtual reallıq və artırılmış reallıq kimi texnologiyaların hərbi təhsilə daxil edilməsi hələ ilkin mərhələdədir.

Ancaq belə görünür ki, Ermənistan qısa müddətdə texnoloji, xüsusilə də süni intellektlə bağlı yenilikləri Silahlı Qüvvələrə tətbiq etməyə hazır olacaq.

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan NVIDIA və “Integra Technologies” şirkətlərinin rəhbər nümayəndələrini qəbul edib. Həmsöhbətlər qeyd olunan şirkətlərin fəaliyyətinə, cari proqramlara və qarşıdakı layihələrə aid məsələləri müzakirə ediblər. Baş nazir yeni proqramların həyata keçirilməsi təşəbbüsünü alqışlayıb və əməkdaşlığı vacib sayıb. Eyni zamanda, “Firebird” şirkətinin Ermənistanda süni intellekt zavodu və məlumat mərkəzi qurmaq layihəsini uğurla həyata keçirdiyi vurğulanıb.

Foto: 1Lurer

Ekspertlərin fikrincə, NVIDIA, “Firebird” və “Integra Technologies” kimi texnologiya nəhəngləri Ermənistanın hərbi təhsil və müdafiə sənayesi sistemlərinin inkişafında müasir texnoloji infrastruktur təminatçısı kimi mühüm rol oynaya bilərlər. Bu kontekstdə NVIDIA süni intellekt infrastrukturu, eyni zamanda rəqəmsal bacarıqların artırılması kursları yaratmaqdadır. Bu və digər planlar gələcək hərbi mütəxəssislərin pilotsuz uçuş aparatları, robot texnikası və mürəkkəb simulyasiya sistemləri üzrə təhsil almasına birbaşa kömək edir.

Ümumilikdə bu şirkətlər ilkin dövrdə birbaşa hərbi təlim verməsələr də, Ermənistan ordusunun modernləşdirilməsi üçün lazım olan “deep-tech” bazasını yaradırlar. Bu isə Ermənistanın hərbi təhsil sistemini ənənəvi metodlardan çıxarıb daha çox AI və yüksək texnologiyalara əsaslanan sistemə keçirməyə imkan verir. Bu addımlarla Ermənistan 2020-ci il müharibəsindəki texnoloji geriliyini kompensasiya etmək və ordunu süni intellekt əsaslı “21-ci əsr ordusuna” çevirmək niyyətindədir.

Əlbəttə, Ermənistanın sürətlə NATO standartlarına doğru irəliləmək arzuları bir sıra geosiyasi və xarici amillərlə tormozlanır. Ermənistanın KTMT üzvlüyü və ölkədə Rusiyanın hərbi mövcudluğu NATO-nun həssas hərbi texnologiyaları və dərin islahat dəstəyini bölüşməsinə məhdudiyyətlər yaradır.

Gürcüstanla münasibətlər

Gürcüstan NATO ilə vaxtilə ən intensiv hərbi-siyasi əməkdaşlıq edən ölkə olmasına baxmayaraq, bu gün əməkdaşlıqda ciddi fasilələr yaranıb. DEEP proqramı çərçivəsində Gürcüstanla son əlaqələr bir il öncəyə aiddir. Belə ki, 2025-ci ilin aprelində DEEP çərçivəsində Brüssel şəhərində illik icmal həyata keçirilib. İcmalın əsas diqqəti peşəkar hərbi təhsil çərçivəsində əsas prioritetlərə, Gürcüstanın hərbi təhsil müəssisələrinin keyfiyyətini və effektivliyini artırmaq üçün ortaq öhdəliyi gücləndirməyə yönəlmişdi. Xüsusi diqqət mərkəzində olan sahə müasir hərbi təlim ehtiyaclarını dəstəkləyən Qabaqcıl Paylanmış Təlim sahəsində davam edən əməkdaşlıq idi. İştirakçılar DEEP çərçivəsində Gürcüstanın əsas çətinliklərini, institusional tələblərini və daha da inkişafa ehtiyacı olan sahələri müəyyən ediblər. Görüş müdafiə təhsili sahəsində davamlı irəliləyişi və NATO standartlarına uyğunluğu təmin etmək üçün razılaşdırılmış addımlar və prioritetləri müəyyən edən strateji dialoqla başa çatıb.

Ümumilikdə Gürcüstan NATO-nun DEEP proqramı ilə əməkdaşlıq baxımından Ermənistan və Azərbaycandan daha irəlidə olsa da, son illərdə bir sıra ciddi siyasi və struktur çətinliklərlə üzləşir. 2024-cü il parlament seçkilərindən və “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra NATO müttəfiqləri Gürcüstanla əməkdaşlığın bəzi elementlərini, o cümlədən təhsil sahəsindəki prioritetləri yenidən nəzərdən keçirməyə və kalibrləməyə başlayıblar.

Foto: NATO DEEP ADL portal

Son illərdə ölkənin daxili siyasətində baş verən dəyişikliklər NATO ilə hərbi təhsil sahəsindəki islahatların sürətini və intensivliyini zəiflədib. Ümumilikdə Gürcüstanın DEEP proqramı üzrə irəliləyişi hazırda ölkənin ümumi Avro-Atlantik kursu ilə bağlı yaranmış qeyri-müəyyənlikdən asılı vəziyyətə düşüb. Eyni zamanda işğal olunmuş ərazilər və Rusiyanın hərbi müdaxilə təhlükəsi Gürcüstanın müdafiə islahatlarını daha mürəkkəb təhlükəsizlik mühitində həyata keçirməsinə səbəb olur.

Bütün bunlara baxmayaraq, Gürcüstanın Milli Müdafiə Akademiyası və Müdafiə İnstitutu hələ də kadr potensialının NATO standartlarına tam çatdırılması və müasir tədris proqramlarının inteqrasiyası sahəsində işlərini davam etdirir. Bununla belə, ekspertlərin qiymətləndirmələrinə görə, Gürcüstan müasir avadanlıq, texnoloji yeniliklər və yüksək standartlı hərbi təhsil üçün hələ də NATO və müttəfiqlərin maliyyə və ekspert dəstəyinə ciddi şəkildə ehtiyac duyur.

3 respublika arasında müqayisə

Beləliklə, Cənubi Qafqazın üç respublikası NATO-nun DEEP proqramı çərçivəsində müxtəlif inkişaf mərhələlərindədir. Hər bir ölkənin proqram daxilindəki üstünlükləri və qarşılaşdığı çətinliklər onların xarici siyasət prioritetlərinə və daxili islahat sürətinə görə fərqlənir.

Gürcüstan Cənubi Qafqazda ən təcrübəli tərəfdaşdır. DEEP çərçivəsində Milli Müdafiə Akademiyası tam NATO standartlarına uyğunlaşdırılıb. Amma 2024-cü il seçkilərindən sonra NATO ilə bəzi əməkdaşlıq elementlərinə yenidən əl gəzdirilərək zəiflədilib. Demokratik geriləmə ilə bağlı narahatlıqlar proqramın gələcəyinə təsir edir.

Azərbaycana gəldikdə isə, NATO ekspertlərinin qənaətincə, Milli Müdafiə Universitetində onlayn təhsil platformalarının qurulmasında irəliləyiş var və gizir korpusunun NATO standartlarına uyğun inkişafı prioritetdir. Amma Azərbaycan NATO ilə əməkdaşlığı “fərdi tərəfdaşlıq” çərçivəsində saxlayır və tam hərbi inteqrasiyadan daha çox təhsil və standartlaşmaya üstünlük verir. Regional güclərlə balanslı siyasət manevr imkanlarını məhdudlaşdırır. Amma ekspertlərin fikrincə, Azərbaycanın üstünlüyü ondadır ki, o, NATO standartlarını həm də Türkiyə modeli vasitəsilə tətbiq edir. Bu isə DEEP proqramının milli ordu mühitinə uyğunlaşdırılmasını asanlaşdırır.

Ermənistan isə 2025-ci ildən etibarən yeni hərbi təhsil konsepsiyası və doktrinal bazanın yaradılması üçün NATO ilə sıx əməkdaşlığa başlayıb. Dil təlimi və e-Learning mərkəzləri yenilənir. Rusiya asılılığından uzaqlaşma hərbi təhsil sistemində struktur boşluqları yaradır. İslahatların daxili siyasi və institutsional müqavimətlə qarşılaşma riski yüksək qiymətləndirilir. Ermənistan üçün ən böyük çətinlik “ikili sistem” problemidir. Bir tərəfdən NATO, yəni DEEP vasitəsilə yeni kadrlar hazırlanır, digər tərəfdən isə hələ də Rusiya sistemindən gələn generallar rəhbər vəzifələrdə qalırlar. Bu isə ordunun daxilində “konseptual parçalanma” yaradır. Ermənistan üçün ümumilikdə DEEP strateji asılılıqdan qurtulmaq üçün bir “xilas kəməri”dir.

Beləliklə, Cənubi Qafqazda DEEP proqramının tətbiqi parçalanmış bir mənzərə yaradır. Gürcüstan texniki baxımdan ən yüksək səviyyəyə çatsa da, hazırda siyasi “strateji durğunluq” dövrünü yaşayır. Azərbaycan proqramı hərbi təhsilin modernləşdirilməsi və texnoloji üstünlük qazanmaq üçün effektiv alət kimi istifadə edir, lakin NATO ilə siyasi inteqrasiyaya can atmır. Ermənistan isə təhlükəsizlik arxitekturasını diversifikasiya etmək üçün DEEP-i ən vacib “keçid körpüsü” kimi görür və sürətli akademik islahatlara fokuslanıb.

Ümumilikdə DEEP proqramı hər üç ölkə üçün sovet hərbi mirasından uzaqlaşmaq və müasir, peşəkar hərbi kadr potensialı yaratmaq məqsədilə əsas mexanizm olaraq qalır. Regional təhlükəsizlik mühitinin sabitləşməsi, məsələn, Ermənistan-Azərbaycan sülh prosesi bu proqramın regional effektivliyini daha da artıra bilər. Ekspertlərin fikrincə, NATO-nun Cənubi Qafqaz üçün “Regional Əməkdaşlıq Çərçivəsi” kimi ümumi format yaratması üçün münbit mühit yetişməkdədir. Belə çərçivə Cənubi Qafqazın ümumilikdə bütöv region kimi NATO ilə effektiv hərbi-siyasi əməkdaşlıq qurmasına səbəb ola bilər. Belə format eyni zamanda müxtəlif istiqamətlərdə, o cümlədən hərbi təhsil sahəsində birgə fəaliyyət imkanları yarada bilər ki, bu da region dövlətlərinin inteqrasiyasında əhəmiyyətli rol oynaya bilər.

Cənubi Qafqazda “Avropa hərarəti”

Həftənin diqqətçəkən məqamlarından biri də Cənubi Qafqaz ölkələri ilə Avropa Birliyi arasında intensiv kommunikasiya prosesi oldu. Bu baxımdan Ermənistan xüsusi olaraq fərqləndi.

Avropa Birliyinə üzv ölkələrin səfirləri Brüsseldə Ermənistana yeni mülki missiyanın göndərilməsi ilə bağlı qərar qəbul ediblər və bu qərar AB Xarici İşlər Nazirlərinin gələn həftə gözlənilən iclasında yekun təsdiqin verilməsi üçün zəmin yaradır.

“Azadlıq Radiosu”nun erməni bölməsinin əldə etdiyi sənəddə AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin missiyanın mandatı, strukturu və müddəti ilə bağlı təklifi təqdim olunub. Sənədə görə, missiya Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməli, nazirliklərə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlara strateji və praktiki məsləhət, dəstək verməlidir. Bu məsləhətlər siyasətlərin hazırlanması, xarici informasiya manipulyasiyalarının aşkarlanması və onlara cavab verilməsi, kibercumlar, həmçinin qanunsuz maliyyə axınları üzərində cəmlənəcək. Missiya həmçinin AB metodologiya və standartlarına uyğun olaraq Ermənistanın təhlükəsizlik sahəsində imkanlarını inkişaf etdirmək üçün nələrin lazım olduğunu qiymətləndirməlidir ki, ölkə hibrid təhdidləri daha effektiv şəkildə aşkar edib onlara cavab verə bilsin.

Rəsmi Bakı əvvəllər Avropa mülki müşahidəçilərinin Azərbaycanla sərhəd bölgələrinə yerləşdirilməsini kəskin tənqid etmişdi. Amma bu dəfə Bakı yeni missiya ilə bağlı çox gərgin görünmür. Ehtimal olunur ki, müşahidəçi missiyasının məqsədlərinin geniş elan olunması, onun dolayısı ilə “Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmaq və neytrallaşdırmaq” məqsədi ilə gəldiyini bəyan etməsi əslində rəsmi Bakını rahatlaşdırmaq üçündür.

“Azadlıq Radiosu”nun əldə etdiyi sənədlərdən birində Xarici Əlaqələr Xidmətinə tapşırılır ki, “AB dəstəyinin məqsədini izah etmək və sülh prosesinə mümkün mənfi təsirlərin qarşısını almaq üçün Azərbaycanla müzakirələri davam etdirsin”. Mümkün risklərdən danışan sənəd Ermənistandakı daxili siyasi proseslər, xarici iqtisadi təzyiqlər və informasiya manipulyasiyaları ilə yanaşı, İrana qarşı mümkün müharibəni də ayrıca qeyd edir. Bildirilir ki, “Ermənistanın cəmi iki açıq sərhədindən biri İranladır və bu, ölkənin kommunikasiya və Şimal-Cənub nəqliyyat və ticarət dəhlizi üçün həyati əhəmiyyət daşıyır”.

“Sözügedən gərginlik Rusiyanın Ermənistanın iqtisadiyyatı və enerji ehtiyacları üzərində təsirini daha da artıra və seçkilər ərəfəsində istismar oluna bilər”, deyə sənəddə qeyd olunur.

Gözlənilir ki, AB-nin yeni qrupu 20-30 beynəlxalq əməkdaşdan ibarət olacaq, Ermənistanda iki il müddətinə yerləşdiriləcək və “Avropa Birliyinin tərəfdaşlıq missiyası” adı altında fəaliyyət göstərəcək.

Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin hazırda ən yüksək səviyyədə olduğunu bildirib. Bu barədə o, parlamentdə hökumətlə sual-cavab zamanı, “Mülki Müqavilə” fraksiyasının deputatı Lilit Minasyanın sualını cavablandırarkən danışıb. Baş nazir iş adamı Samvel Karapetyanın Ermənistanın mümkün iqtisadi vəziyyəti və Rusiya ilə münasibətlərin gərginləşməsi ilə bağlı səsləndirdiyi fikirlərə də toxunub. “Mən bunu qeyri-mümkün hesab edirəm. 2018-ci ildə də, 2021-ci ildə də bunu deyirdilər. Ermənistan və Rusiya münasibətləri bu gün indiyə qədər olduğundan daha yüksək səviyyədədir”.

Baş nazir həmçinin vurğulayıb ki, Ermənistan Respublikası Rusiya ilə qarşıdurmaya girməyib və girməyəcək.

“Biz Rusiya Federasiyası ilə nə mübahisə etmişik, nə mübahisə edirik, nə də edəcəyik. Bizi qarşıdurmalara cəlb etmək cəhdləri – istər iqtisadi, istər siyasi – əsassızdır”, - deyə o bildirib. Paşinyanın sözlərinə görə, balanslaşdırılmış xarici siyasət həm də Rusiya ilə yaxşı münasibətlərin qorunmasını nəzərdə tutur və Ermənistan bu xətti davam etdirir.

Paşinyan, eyni zamanda, Ermənistan-AB Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bildirib ki, Ermənistan Avropa Birliyi ilə əməkdaşlığı xarici siyasi balansı qorumaqla yanaşı, həm də uzunmüddətli strategiya kimi nəzərdən keçirir. O qeyd edib ki, Ermənistan AB üzvü olmasa belə, atılan bu addımlardan istənilən halda faydalanacaq.

Paşinyan həm avropalı, həm də erməni rəsmilərlə görüşündə qeyd edib ki, Avropa Birliyi ilə əməkdaşlıq sadəcə formal bir proses deyil, problemlərin həlli üçün effektiv yolların tapılacağı real islahat alətidir. “Əsas məqsəd odur ki, biz mümkün səhvləri düzəltmək üçün müəyyən mexanizmlərə malik olaq”, deyən Paşinyanın sözlərinə görə, üzvlük məsələsi AB-nin siyasi qərarlarından asılıdır və hətta AB genişlənməmək barədə qərar versə, Ermənistan üzv olmasa belə, ölkə islahatlar və Avropa standartlarına uyğunlaşma sayəsində artıq qazanmış olur.

Bu həftə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AB-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasla görüşmək üçün Brüsselə gedib, ondan əvvəl isə AB-nin müdafiə və kosmos üzrə komissarı Andrius Kubiliusla görüşüb.

Aprelin 14-də Andrius Kubilius ilə baş tutan görüşdə həmsöhbətlər son dövrlərdə inkişaf edən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf vurğulayıb ki, demokratik islahatların həyata keçirilməsi sahəsində Ermənistanın əldə etdiyi mühüm irəliləyiş, eləcə də Ermənistan-AB strateji gündəliyinin qəbul olunması əməkdaşlıq üçün yeni baxış və imkanlar formalaşdırıb. Mirzoyan Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülhün gələcək institusionalizasiyasına yönəlmiş işləri təqdim edib.

Ararat Mirzoyan elə həmin gün Kaya Kallasla da görüşüb. Görüşdə tərəfdaşlığın strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsi məsələləri müzakirə olunub. Ermənistan vətəndaşları üçün konkret nəticələr verəcək proqramların həyata keçirilməsi istiqamətində razılıq vurğulanıb.

Foto: Massispost

Eyni gündə Ermənistanın Xarici İşlər Nazirliyində XİN başçısının müavini Vahan Kostanyan, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə nümayəndəsi Benjamin Haddad və Litva xarici işlər nazirinin müavini Audra Plepyte arasında üçtərəfli görüş keçirilib. Görüşdə ikitərəfli gündəlik, yəni Ermənistan-Fransa və Ermənistan-Litva ikitərəfli əlaqələrinin ayrı-ayrı məsələləri, həmçinin strateji əməkdaşlıq, o cümlədən Ermənistan-AB tərəfdaşlığının strateji gündəliyi çərçivəsində əməkdaşlıq və dezinformasiya ilə mübarizə ətrafında müzakirələr aparılıb.

Görüşdə Fransa və Litva nümayəndələri Ermənistanın Avropa istəklərinə dəstəklərini bir daha təsdiqləyiblər. Qeyd olunub ki, fransalı və litvalı rəsmilər mayın 4-də Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitinə hazırlıq işləri və sammitin yüksək səviyyədə təşkili üçün Ermənistana dəstək verməyə hazır olduqlarını bildiriblər. Regional inkişaflar kontekstində Vaşinqton razılaşmaları nəticəsində Cənubi Qafqazda baş verən müsbət irəliləyişlər barədə məlumat verilib. Bu çərçivədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistan-Azərbaycan tənzimləmə proseslərinə toxunulub.

Bu arada, Benjamin Haddadı baş nazir Nikol Paşinyan da qəbul edib. Görüş zamanı Ermənistan-Fransa ikitərəfli münasibətlərinin gündəliyi və çoxsektorlu əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Foto: Public Radio of Armenia

Fransa Prezidenti Emmanuel Makron mayın 4-də Ermənistana iki günlük səfər edəcək. O, Nikol Paşinyanla görüşəcək və Yerevanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.

Avropa Siyasi Birliyi təhlükəsizlik, enerji, miqrasiya, infrastruktur, demokratiya və qanunun aliliyi də daxil olmaqla strateji əhəmiyyətli məsələləri müzakirə etmək üçün Avropa ölkələrinin liderlərini bir araya gətirən hökumətlərarası platformadır. Fransa Prezidenti Emmanuel Makron bu birliyi 2022-ci ildə Avropa İttifaqı üzv dövlətləri və Avropa qonşuluğundakı ölkələr arasında dialoq üçün ortaq platforma yaratmaq məqsədilə təsis edib. İlk toplantı 2022-ci ilin oktyabrında Praqada keçirilib. Məhz həmin toplantı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti və Avropa Şurası Prezidentinin vasitəçiliyi ilə verilən bəyanatla BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıblar.

İlham Əliyevin Yerevanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik rəsmi məlumat yoxdur.

Bu arada, İtaliya baş naziri Giorgia Meloninin Roma ilə Bakı arasında siyasi dialoqu və enerji əməkdaşlığını davam etdirmək üçün Azərbaycana səfər etməsi gözlənilir. “Euronews” may-iyun aylarında gözlənilən səfərin davam edən siyasi və iqtisadi əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirir.

Müəllif: Cəsur Məmmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun