Əli Kərimlidən İlham Əliyevə: "Nə vaxta qədər öz rəqibinin qabağına polisi, məhkəməni çıxaracaqsan?"
Sentyabrın 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında şikayət icraata götürüb.
Qərarı Nəsimi rayon Məhkəməsinin hakimi Babək Pənahov çıxarıb. Daha sonra proses 19 sentyabra təyin olunub. Həmin gün işə mahiyyəti üzrə baxılacaq.
Prosesdən sonra qərara münasibət bildirən partiya sədri deyib ki, prezident İlham Əliyev repressiyaları zirvəyə qaldırıb, müxalifəti tamamən məhv etmək fikrində qərarlıdır. Kərimli əlavə edib ki, bu qərara da təəccüblənməyib.
"Siyasi sifariş icraata qəbul olundu. Hakimin heç bir əsas olmadan bu işi icraata götürməsi o deməkdir ki, guya cinayət həqiqətən də baş verib. Azərbaycanda növbəti dəfə hüquq ayaqlar altına salındı.
İlham Əliyevə müraciət edirəm, yetər artıq buranı cəngəllik qanunları ilə idarə etdin. Siyasətin öz qaydaları var. Siyasət döyüş yeri deyil, burada yarış var, debat var. Nə vaxta qədər öz rəqibinin qabağına polisi, məhkəməni çıxaracaqsan? Mən siyasətlə məşğulam, qaydasız döyüşlə yox", - o deyib.
Əli Kərimli barəsində şikayəti keçmiş partiya funksioneri Aydın Əliyev verib. O, şikayətini əsaslandırmasa da, iddia edir ki, partiya sədrinin ictimai təhqirlərinə məruz qalıb.
2019-cu ildə partiya sıralarından xaric edilən Əliyev məhkəmə yolu ilə yenidən üzvlüyünü bərpa edib. Onun başqa bir şikayəti əsasında isə AXCP-nin son qurultayının nəticələri etibarsız elan edilib.
AXCP son illərdə ölkədə keçirilən seçkiləri boykot edir. Partiya davamlı olaraq qərarını onunla əsaslandırır ki, seçkilər legitim və bərabər əsaslarla keçirilmir, siyasi represiyalar fonunda baş tutur.