Hüquq müdafiəçisi: “Fazil Qasımov Azərbaycandakı mövcud sistemin girovluğundadır. Ona qarşı olan bu münasibət faişizim elementlərini xatırladır”
İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov 85 gündür ki, həbsinə etiraz olaraq aclıq edir.
O, aclıq aksiyasına Bakı İstintaq Təcridxanasında başlasa da, bir müddət sonra vəziyyəti pisləşdiyindən Penitenisiar Xidmətin müalicə müəssisəsinə etap olunub.
“Müdafiə xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov deyir ki, Qasımov hazırda müalicə müəssisəsində ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin korupsunda təkadamlıq kamerada saxlanılır, vəziyyəti isə olduqca təhlükəlidir.
“Son məhkəməsində gördüm, vəziyyəti çox risklidir. Çəkisi 37 kiloqrama düşüb, yayın isti günlərində qış paltarları geyinir, əlləri əsir su içə bilmir, əlil arabasında hərəkət edir. Fazil Qasımov indi canına qıymaqla susqun cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini öz üzərinə çəkmək istəyir”.
Hüquq müdafiəçisi deyir ki, Qasımovun səhhəti əvvəlcədən də ürək açan olmayıb. Çünki o, ibtidadi istintaq zamanı ağır işgəncələrə məruz qalıb.
“O, Türkiyədən özəl jetlə Bakıya gətiriləndən sonra Banditizmin (Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) 4-cü mərtəbəsində toka verilib. Bunlar bir nəticə vermədikdə, başı sanitar qovşaqda unitazın içinə soxulub. Öz iradəsi əleyhinə Qubad İbadoğlunun əleyhinə saxta ifadələrə imza atıb. Məhkəmə istintaqı zamanı isə bu ifadələrdən imtina eləyib.
Hesab edirəm ki, bu gün iqtisadçı alim, İstanbul Universitetinin doktorantı, BMT-nin “Gənc liderlər” proqramının məzunu Azərbaycandakı mövcud sistemin girovluğundadır. Ona qarşı olan bu münasibət daha çox ötən əsrin 30-cu illərində olan faişizim elementlərini xatırladır”, - Rüfət Səfərov bildirib.
Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib.
Vəkillər bildiriblər ki, Qasımov Qubad İbadoğluna qarşı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində saxlanılıb və Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Fazil Qasımov isə məhkəmədə ifadəsində bildirib ki, istintaqda zorakılıq nəticəsində və xüsusi dərmanların təsiri altında Qubad İbadoğlunun əleyhinə saxta ifadəyə imza atmağa məcbur olub.
O ifadəsindən imtina edib və həbsinin siyasi səbəblərdən olduğunu bildirib.
“Təhsil Fondu (AYEF) Böyük Britaniyanın Xeyriyyə Komissiyası tərəfindən qeydiyyata alındıqdan 23 gün sonra Qubad İbadoğlu, 39 gün sonra mən həbs edildim”, - deyə Qasımov əlavə edib.
Hazırda Fazil Qasımovun cinayət işi Qubad İbadoğlunun cinayət işindən ayrı icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Fazil Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.