Sabiq sədr İlqar Məməmədov publik siyasətdən getdiyini açıqlasa da, partiyada fəaliyyətini davam etdirəcəyini deyib
Sentyabrın 21-də Respublikaçı Alternativ (REAL) Partiyasının yeni sədri müəyyənləşib.
Partiyanın rəsmi hesabından yayılan məlumatda qeyd olunur ki, Siyasi Komitənin yekdil qərarı ilə Natiq Cəfərli yeni sədr seçilib.
“Qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq. Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq”, - partiyanın məlumatında qeyd olunur.
Respublikaçı Alternativ – öncə hərəkat, sonra partiya
REAL (2020-ci ilədək ReAl) 2008-ci ildə hərəkat olaraq yaranıb. Qurucusu müxalif siyasətçi İlqar Məmmədov olub. Ətrafında Erkin Qədirli, Azər Qasımlı, Natiq Cəfərli, Rəsul Cəfərov, Toğrul Vəliyev, Xalid Bağırov, Altay Göyüşov, Rövşən Ağayev, Azər Mehtiyev kimi ictimaiyyət arasında tanınan şəxslərin birləşdiyi hərəkat 2018-ci ildən özünü partiya elan edib.
2019-cu ildə REAL-ın qurulmasında iştirak edən bir sıra tanınmış simalar rəhbərliyi avtoritarizdə günahlandıraraq, partiya sıralarını tərk ediblər.
2018-ci ilin aprelində Təsis Qurultayı keçirərək Respublikaçı Alternativ Partiyasının yarandığını elan edən hərəkatçılar həbsdə olan İlqar Məmmədovu özlərinə sədr seçiblər.
Lakin müxtəlif maneələr üzündən partiya rəsmi qeydiyyatdan keçə bilməyib.Yalnız İlqar Məmmədov hökumət və partiyalar arasında dialoqa razılaşandan sonra REAL 2020-ci ilin avqustunda siyasi partiya olaraq dövlət qeydiyyatına alınıb.
Partiyanı hazırda Milli Məclisdə bir deputat – Erkin Qədirli təmsil edir. O, 2020-ci ilin fevralında və 2024-cü ilin sentyabrında keçirilən növbədənkənar parlament seçkilərində mandat qazanıb.
İlqar Məmmədov kimdir?
Partiyanın qurucusu İlqar Məmmədov 1998-ci ildən 2003-cü ilə qədər müxalif Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr müavini olub. Daha sonra partiyanın hakimiyyətə loyallaşması səbəbilə istefa verib. Respublikaçı Alternativ hərəkatını yaradana qədər siyasi fəaliyyətini müstəqil davam etdirib.
2013-cü ildə prezident seçkilərinə qatılmaq istəyən ReAl lideri İlqar Məmmədov həbs olunduğu üçün buna nail ola bilməyib. O, İsmayıllıda təşkil olunan mitinqlərə qatılıb və bu iğtişaşları təşkil etməkdə ittihamı olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.
Avropa Məhkəməsi 2014-cü ildə onun siyasi səbəblə həbs edildiyini müəyyən edib, lakin Azərbaycan hökuməti bu qərarı icra etməyib. Nəticədə, 2017-ci ilin dekabrında Avropa Şurasının tarixində ilk dəfə üzv dövlətə qarşı Avropa İnsan Haqları Konvensiyasının 46.4-cü maddəsi tətbiq edilib və Azərbaycan Şuradan çıxarılma təhlükəsi ilə üzləşib.
2018-ci il avqustun 13-də İlqar Məmmədov şərti azadlığa buraxılsa da, Avropa Şurası bunu yetərli icra forması saymayıb. 2019-cu il mayın 29-da Avropa Məhkəməsi daha bir qərar verərək Azərbaycanın “İlqar Məmmədov işi”ndə Şuradakı üzvlük öhdəliklərini pozduğunu bildirib. 2020-ci il aprelin 23-də Azərbaycan Ali Məhkəməsinin Plenumu İlqar Məmmədova tam bəraət verəndən sonra Avropa Şurası işi bağlayıb.
Natiq Cəfərli kimdir?
İctimaiyyət arasında müstəqil iqtisadçı ekspert kimi tanınan Natiq Cəfərli 2008-ci ildə yaradılmış Respublikaçı Alternativ hərəkatının həmtəsisçisi, 2018-ci ildən isə Respublikaçı Alternativ Partiyasının icraçı katibi olub.