Nazim Bəydəmirli məhkəmədəki son sözündə Söyüdlüdəki ekoloji etirazlara dəstək çıxışları etdiyi üçün şərlənərək həbs olunduğunu bildirib
Sentyabrın 30-da iqtisadçı alim, keçmiş millət vəkili Nazim Bəydəmirli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qərarı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti verib.
Hökmdə qeyd edilir ki, Nazim Bəydəmirlidən 49 min 740 manat tutularaq zərərçəkmiş Mürsəl İbrahimova ödənilməlidir. Ötən məhkəmə prosesində dövlət ittihamçısı iqtisadçıya 9 il həbs cəzası istəmişdi.
Nazim Bəydəmirli 2023-cü ilin iyulunda saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
İttiham aktında qeyd olunub ki, sabiq deputat pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovu intim görüntülərlə şantaj edərək ondan 50 min manat pul tələb edib. Nəticədə 2023-cü ilin iyununda 10 min manat alıb.
Digər ittihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyanın Lipetsk şəhərində Mürsəl İbrahimovdan spirtli içki biznesinə yatırdığı vəsaitdən imtina etməyi tələb edib və sonda istəyinə nail olub.
Nazim Bəydəmirli isə ittihamları rədd edərək ekologiya məhbusu olduğunu deyib. İqtisadçının iddiasına görə, o Söyüdlüdə sianid gölünün tikintisinə etiraz edən sakinlərə dəstək çıxışları etdiyinə görə şərlənərək həbs olunub. Yerli hüquq müdafiəçiləri Nazim Bəydəmirlinin siyasi sifariş əsasında həbs olunduğunu bildirirlər.