Sevinc Vaqifqızı təcridxanada yenidən zorakılığa məruz qalıb

Sevinc Vaqifqızı təcridxanada yenidən zorakılığa məruz qalıb
23 Yanvar 2025
Mətni dəyiş

Jurnalist ailəsi ilə telefon danışığı zamanı deyib ki, təcridxanadakı nəfəslikdən həmkarı Elnarə Qasımova ilə salamlaşmaq istəyərkən nəzarətçi onun qolundan şiddətlə sıxaraq divara itələyib

"Abzas Media"nın bir ildən çoxdur əsassız ittihamlarla həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında yenidən zorakılığa məruz qalıb. Bu barədə ailəsinə jurnalistin özü məlumat verib.

O bildirib ki, ailəsinə zəng etmək üçün gedərkən həmkarı Elnarə Qasımovanın saxlanıldığı kameranın nəfəsliyinə yaxınlaşıb salam vermək istəyib. Bu zaman Aygül Babayeva adlı nəzarətçi onun qolunu şiddətlə sıxaraq divara doğru itələyib.

"Elnarə də etiraz etdi ki, bizimlə belə davrana bilməzsiniz. Hamı nəfəslikdən danışır. Bircə bizə olmaz? Nəzarətçi dedi ki, yox, sizə olmaz. Bizə qarşı ayrı-seçkilik edilir. Hamı nəfəsliklə bir-birilə danışır. Elə yanımızda bir məhbus qadın digər kameranın nəfəsliyinə yaxınlaşıb oradakı qızla söhbət edirdi. Onun yanından düz keçir və yaxınlaşıb demir ki, nəfəslikdən danışmaq olmaz. Amma mənə qarşı bu, zorakılıqla edilir. Qolumu sıxır, üstümə qışqırır və bu şəkildə aparılıram", – deyə Sevinc Vaqifqızı sözünü tamamlayıb.

"Abzas Media" nın əməkdaşları bir ildən çoxdur 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılırlar və bu, jurnalistlərə qarşı ilk zorakılıq halı deyil.

Ötən ilin noyabrında nəşrin həbsdəki baş redaktoru Sevinc Vaqifqızı, reportyorları Nərgiz Absalamova və Elnarə Qasımova kameralarının nəfəsliklərinin bağlanmasına etiraz edəndə onlara qarşı zor tətbiq olunmuşdu. Nəzarətçilər Sevinc Vaqifqızının qolunu nəfəsliyin qapısı arasında qoyub göyərtmişdilər. Buna etiraz edən Nərgiz Absalamova isə starşina Əzizə Məmmədova tərəfindən təhqir edilmişdi.

Vahid adlı nəzarətçi isə məhbuslara hədə-qorxu gələrək onlardan Elnarə Qasımovanın əleyhinə məcburi ifadələr almışdı. Onlardan tələb olunmuşdu ki, ifadələrində jurnalistin nəzarətçini vurduğunu gördüklərini yazsınlar. Sevinc Vaqifqızının sözlərinə görə, bununla Elnarə Qasımovanı provokasiyaya çəkmək və onun barəsində yeni cinayət işinin açılmağına nail olmaq istəyirlər.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev “Abzas Media”ya bildirib ki, şikayət rəhbərliyə məruzə ediləcək. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. 

Azərbaycanda korrupsiya araşdırmaları aparan "Abzas Media"nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.  Ötən ilin noyabrından etibarən həbsdə saxlanılan jurnalistlər  əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar.

Ötən il mayında saxlanılan "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadəyə də eyni ittiham irəli sürülüb. Onun işi "Abzas Media" işinə birləşdirilib. Elə həmin gün "Abzas Media" bəyanat yayaraq Mehralızadə ilə əməkdaşlılıq əlaqəsinin olmadığını bildirib.

Avqust ayında isə "Abzas Media"ya qarşı ittihamlar ağırlaşıdırlıb. İstintaqın irəli sürdüyü əlavə ittihamları da nəzərə alsaq jurnalistlər 8 ildən 12- ilədək həbs cəzası gözləyir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun