“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı beynəlxalq mükafata namizəddir

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı beynəlxalq mükafata namizəddir
21 Oktyabr 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Sərhədsiz Reportyorlar (RSF) təşkilatının “Azad Mətbuat Mükafatları”nın “Cəsarət Mükafatı” nominasiyasına namizəd göstərilib.

RSF-nin açıqlamasında bildirilir ki, Sevinc Vaqifqızı “Azərbaycanda azad medianın sarsılmaz səsi olaraq qalır, qorxuya boyun əymir və məhkəmədə cəsarətlə “hökumətin ən çox qorxduğu şey həqiqətdir” deyib”.

Təşkilatın məlumatına görə, jurnalist həbsxanada da fəaliyyətini davam etdirir və buna görə müxtəlif təzyiqlərlə üzləşir. Məsələn, iyul ayında Bakıdakı həbsxana rəhbərliyi ona isti havalarda vacib olan sərinkeşi yalnız insan haqları pozuntuları barədə yazmamaq şərti ilə verməyə razı olub. Sentyabrın 25-də isə o və “Abzas Media”nın digər qadın əməkdaşları ailə və vəkillərlə görüşü çətinləşdirmək üçün Bakıdan üç saatlıq məsafədə yerləşən Lənkəran həbsxanasına köçürülüblər.

RSF Sevinc Vaqifqızını “prinsiplərinə sadiqliyi, təzyiqlərə baxmayaraq inadla susmaması və ədalətsizlik qarşısında dayanıqlığı ilə ləyaqət və ümid rəmzi” kimi qiymətləndirib.

Sərhədsiz Reportyorların 33-cü “Azad Mətbuat Mükafatları” mərasimi bu il təşkilatın yaranmasının 40 illiyi münasibətilə keçiriləcək RSF Festivalı çərçivəsində 15 noyabr 2025-ci ildə Parisdə baş tutacaq.

Bu il 18 ölkədən 29 jurnalist, fotojurnalist və media qurumu beş nominasiyada – “Cəsarət Mükafatı”, “Təsir Mükafatı”, “Müstəqillik Mükafatı”, “Afrika Araşdırma Jurnalistikası üçün Mohamed Maïga Mükafatı” və “Lucas Dolega–SAIF Foto Mükafatı” üzrə mükafatlandırılacaq.

“Cəsarət Mükafatı” nominasiyasında digər namizədlər arasında Burkina Fasodan “L'Événement” qəzetinin rəhbəri Atiana Serge Oulon (orduda korrupsiya araşdırmasına görə oğurlanıb), saxta ittihamlarla 2020-ci ildən həbsdə olan 26 yaşlı filippinli jurnalist Frenchie Mae Cumpio, Salvadorun ilk fakt yoxlama platformasının yaradıcısı Angélica Cárcamo, Serbiyada hökumət təzyiqlərinə baxmayaraq korrupsiya və etirazlar barədə xəbər verən N1 TV əməkdaşları, həmçinin Qəzzadan müharibənin reallıqlarını işıqlandıran jurnalist Noor Swirki var.

Festival çərçivəsində mükafatlandırma mərasimi filmlər, debatlar, sərgilər və performanslarla müşayiət olunacaq. Tədbiri RSF-nin redaksiya direktoru Anne Bokande aparacaq.

Sevinc Vaqifqızı 2023-cü ilin noyabrında həbs olunub. Onunla birlikdə “Abzas Media”nın direktoru Ülvi Həsənli, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə saxlanılıblar.

Onlar qaçaqmalçılıq və maliyyə cinayətlərində ittiham ediliblər, lakin ittihamları rədd ediblər. 2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay azadlıqdan məhrum edib.

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Beynəlxalq media və insan haqları təşkilatları bu həbsləri Azərbaycanda azad medianın susdurulmasına yönəlmiş kampaniya kimi qiymətləndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun