Hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov müəssisə rəhbərliyindən şikayət edib.
Bu barədə məlumatı “İşçi Masası” yayıb.
Bildirilib ki, Məmmədov təxminən üç ay əvvəl müəssisənin daxilində yerləşən tibb məntəqəsinə köçürülməsi üçün qanunvericiliyə uyğun müraciət edib, lakin indiyədək həmin müraciətə baxılmayıb.
Məlumata görə, o, bu müddət ərzində dəfələrlə eyni məsələ ilə bağlı müraciət etsə də, nəticə əldə edə bilməyib.
“İşçi Masası” həmçinin qeyd edib ki, Afiəddin Məmmədovun səhhətində problemlər yaranıb. Onun özünün bildirdiyinə görə, əsəb pozuntusu müşahidə olunur, psixoloji vəziyyəti ağırdır. O, saxlanılarkən burnundan zərbə aldığını, lakin bu günədək tibbi müayinədən keçmədiyini və bədənində ağrılar olduğunu bildirib.
Afiəddin Məmmədov yanvarın 14-də 8 il müddətinə azadlıqdan məhrum edilib. O, 2023-cü ilin sentyabrında tanımadığı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham edilərək saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma), 221.3-cü (silah qismində istifadə olunan əşyalarla xuliqanlıq törətmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasına qarşı həbslər 2023-cü ilin avqustunda kuryerlərin etiraz aksiyasından sonra başlayıb.
Əvvəlcə təşkilatın sədri Afiəddin Məmmədov 30 sutka inzibati qaydada həbs edilib. Daha sonra Konfederasiyaya daxil olan Kuryer Birliyi Həmkarlar İttifaqının üzvü Elvin Mustafayev avqustun 4-də və İdarə Heyətinin üzvü Ayxan İsrafilov avqustun 10-da narkotik ittihamı ilə saxlanılıblar.
Hərəkatın digər üzvü Möhyəddin Orucov da həmin ilin oktyabrında inzibati qaydada 30 sutka həbs edilib, azadlığa çıxdıqdan sonra isə narkotiklərin dövriyyəsində ittiham olunaraq yenidən həbs edilib.
Yerli hüquq müdafiəçiləri “İşçi Masası”nın üzvlərinin siyasi məhbus kimi tanındığını bildiriblər.