AİHM: “Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması ifadə azadlığının pozuntusudur”

AİHM: “Yalçın İmanovun vəkillikdən uzaqlaşdırılması ifadə azadlığının pozuntusudur”
7 Oktyabr 2025
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı qərarını elan edib. Məhkəmə bildirib ki, Azərbaycan hökuməti İmanovun ifadə azadlığını və şəxsi həyata hörmət hüququnu pozub.

Qərar bu gün, oktyabrın 7-də elan olunub.

İş 2017-ci ildə baş verən hadisələrlə bağlıdır. Yalçın İmanov müdafiə etdiyi “Müsəlman Birliyi” Hərəkatının sədr müavini, 20 il həbs cəzası alan Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qaldığını mətbuata açıqlamışdı. O, məhkumun döyüldüyünü, qandallanaraq “xaç vəziyyətində” saxlanıldığını və təknəfərlik kamerada cəzalandırıldığını söyləmişdi. Daha sonra prokurorluq və digər qurumlara rəsmi şikayətlər ünvanlamışdı.

Bu açıqlamalardan sonra Penitensiar Xidmət Vəkillər Kollegiyasına müraciət etmiş, İmanov barəsində intizam icraatı açılmış və onun fəaliyyəti dayandırılmışdı. 2019-cu ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsi vəkillikdən uzaqlaşdırma qərarı çıxarmış, apellyasiya və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlamışdı.

AİHM-in qərarında vurğulanır ki, vəkilin açıqlamaları ictimai maraq kəsb edən məsələ ilə bağlı olub və onun susmağa məcbur edilməsi “mənfi təsir” yaradır. Məhkəmə qeyd edib ki, yerli instansiyalar İmanovun dediklərinin faktiki dayağını (müvəkkilin bəyanatı və gözlə görünən xəsarətlər) nəzərə almayıb, həmçinin nəyə görə ən ağır intizam sanksiyası – vəkillikdən kənarlaşdırmanın tətbiq edildiyini yetərincə əsaslandırmayıb, daha yüngül tədbirlərin mümkünlüyü qiymətləndirilməyib. AİHM “məhkəməyə təzyiq” arqumentini qəbul etməyib. Bildirilib ki, açıqlamalar məhkəmə prosesinə yox, məhkumun həbsxanadakı rəftarına aid olub.

Avropa Məhkəməsi qeyd edib ki, uzaqlaşdırma qərarı İmanovun peşə fəaliyyəti, sosial nüfuzu və gəlirlərinə ciddi təsir göstərdiyindən şəxsi həyata da müdaxilədir. Məhkəmə həmçinin xatırladıb ki, hökumət Abbas Hüseynovla rəftarla bağlı başqa iş üzrə 2022-ci ildə pozuntunu etiraf edən təktərəfli bəyanat verib. Bu, İmanovun açıqlamalarının əsassız olmadığını göstərən əlavə kontekstdir.

Qərara görə, dövlət İmanova 10 min avro təzminat və 2 min avro məhkəmə xərci ödəməlidir.

İş üzrə iki hakim – Ioannis Ktistakis və Darian Pavli qismən müxalif rəy veriblər. Onların fikrincə, İmanovun uzaqlaşdırılması heç bir legitim məqsəd güdməyib və bu işdə həm də Konvensiyanın 18-ci maddəsi pozulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun