Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 9-da Azərbaycandan göndərilən bir neçə iş üzrə qərarını açıqlayıb. Qərarlar Vüqar Əliyev, Fuad Qəhrəmanlı, Pərviz Həşimli, Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov və Kamilə Aslanovanın şikayətləri ilə bağlıdır.
Məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində paylaşıb.
Ümid Partiyasının sabiq üzvü Vüqar Əliyevin işi üzrə məhkəmə onun həbs-qətimkan tədbirinin əsaslandırılmadığını və məhkəmələrdə metal qəfəsdə saxlanmasının hüquq pozuntusu olduğunu müəyyən edib. Əliyevə 3900 avro mənəvi zərər və 500 avro əlavə xərclər ödənəcək.
AXCP sədr müavini Fuad Qəhrəmanlının əsaslı şübhə olmadan həbsdə saxlanılması və həbs müddətinin uzadılmasının əsaslandırılmaması qanunsuz sayılıb. Ona 5200 avro mənəvi zərər və 500 avro əlavə xərclər ödənəcək.
Jurnalist Pərviz Həşimlinin işi üzrə isə məhkəmə onun həbsinin zəruriliyinin sübut olunmadığını, məhkumluğun qanunsuz əldə edilmiş sübutlara əsaslandığını, müdafiə hüququnun və şəxsi həyat toxunulmazlığının pozulduğunu tanıyıb. Həşimliyə 5900 avro mənəvi zərər və 500 avro əlavə xərclər ödənəcək.
Araz Cabbarovun 2 gün rəsmi qərar olmadan polis idarəsində saxlanılması qanunsuz hesab olunub. Ona 2000 avro mənəvi zərər və 500 avro əlavə xərclər təyin edilib.
Bundan başqa, Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov və Kamilə Aslanovanın polis idarəsində qərarsız saxlanılması da hüquq pozuntusu sayılıb. Hər birinə 2000 avro mənəvi zərər və 500 avro əlavə xərclər ödənəcək.
Vəkil Fariz Namazlı bildirib ki, hökumət bu işdə onun imzasının saxtalaşdırıldığını iddia etsə də, AİHM bu arqumenti əsassız hesab edib.