“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəş nüfuzlu “Press Play Prague” beynəlxalq film festivalında mükafata layiq görülüb. Onun “Çinar ağacının kölgəsində” adlı qısametrajlı sənədli filmi festivalda tamaşaçı rəğbəti qazanan iki filmdən biri seçilib.
“Çinar ağacının kölgəsində” qısametrajlı hibrid sənədli film jurnalistin şəxsi hekayəsidir. Aynur Elgünəş yeniyetməykən köçkün düşdüyü Ağdam şəhərinə 28 il sonra jurnalist kimi qayıdır, film boyu Ağdam küçələrində uşaqlığının izlərini axtarır, dağıntılar altında qalmış xatirələrinə səyahət edir.
On səkkiz dəqiqəlik filmin prodüsseri jurnalist və rejissor Durna Səfərova, operator və montajçısı Mətləb Muxtarovdur.
Digər qalib film isə Macarıstanın baş naziri Viktor Orbanın ailə biznesini araşdıran Mate Fuks və Balint Bíroya məxsus “Sülalə – Orban ailəsinin biznesinin yüksəlişi” (“The Dynasty – The Rise of the Orbán Family’s Business”) sənədli filmidir.
Festivalın builki buraxılışı mediada güc və etika dilemmasını ön plana çıxarır. Təşkilatçılar vurğulayıblar ki, “dərinləşən qütbləşmə və təbliğatın artdığı dövrdə jurnalistlərin həqiqət axtaran və demokratiyanın keşikçisi kimi rolu heç vaxt indiki qədər vacib və eyni zamanda bu qədər həssas olmayıb”.
Festival çərçivəsində nümayiş olunan sənədli və bədii filmlər korrupsiya, cəsarət və güzəştsiz seçimlər haqqında hekayələr təqdim edərək tamaşaçılara jurnalistikanın mənəvi sınaqlarına yaxından baxmaq imkanı yaradır. Filmlər senzura, dezinformasiya və özünüsenzura kimi problemləri ifşa edir, eyni zamanda müstəqil səsin qorunmasının nə qədər çətin və dəyərli olduğunu xatırladır.
“Press Play Prague” komandası bildirir ki, seçilən filmlər jurnalistikanın üzləşdiyi çətinliklər və peşə etikasının önəmi barədə ictimai şüurun artırılmasına xidmət edir. Təşkilatçılar bu filmlərin “hekayə gücü ilə ictimai dəyərləri dərinləşdirdiyini” vurğulayıblar.
Jurnalist Aynur Elgünəş 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. Bu iş üzrə ümumilikdə 12 nəfər barəsində cinayət işi açılıb. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2 (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də ittihamlar ağırlaşdırılıb və indi onlar qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə mühakimə olunurlar.
Jurnalistlər bütün ittihamları rədd edir və onların siyasi sifarişlə, peşə fəaliyyətinə görə hədəf alındıqlarını bildirirlər.