Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri, siyasətçi Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı “Meydan TV”yə bildirib ki, bu iclasda Qasımlının dindirilməsi yekunlaşıb. Onun sözlərinə görə, vəkil Rövşanə Rəhimli Qasımlıya Qurbanəli Yusifovun sosial şəbəkələrdə onun haqqında yazdığı siyasi məzmunlu statuslar və Daxili İşlər Nazirliyinə göndərdiyi məktub barədə suallar ünvanlayıb.
Azər Qasımlı bildirib ki, həmin statuslar onun həbsinə hazırlıq xarakteri daşıyıb:
“Statuslardan belə başa düşdüm ki, mənim həbsimə hazırlıq gedir. Yazılanlarda guya mən Yusifovu dövlət əleyhinə qaldırırmışam və onu təhdid etmişəm. Bu, tamamilə əsassız idi”.
Qasımlı deyib ki, ölkədən çıxışına qadağa qoyulduğu vaxt artıq həbs olunacağına əmin olub. Onun sözlərinə görə, Yusifov Mingəçevir Məhkəməsinin qərarından sonra borcunu ödəməmək üçün məsələni siyasi müstəviyə keçirib:
“O dövrdə ölkədə həbs dalğası başlamışdı və Yusifov bundan istifadə etdi”.
Vəkil Rövşanə Rəhimli eyni sualları Qurbanəli Yusifova da ünvanlayıb. Yusifov bildirib ki, sosial şəbəkədə status paylaşmaq və DİN-ə məktub göndərmək atasının məsləhəti olub:
“Atam mənə başa saldı, mən də ondan sonra status yazdım və məktubu göndərdim”.
Samirə Qasımlının sözlərinə görə, hakim və prokuror müdafiə tərəfinin suallarına müdaxilə edərək onların “işin mahiyyəti ilə bağlı olmadığını” bildiriblər:
“Hakim Azər Qasımlıya dedi ki, siz ehtimallar əsasında həbsinizin siyasi olduğunu deyirsiniz. Azər isə cavabında bildirdi ki, o zaman icazə verin, sübut edim ki, bu, ehtimal deyil, həqiqətən siyasi sifarişdir”.
Azər Qasımlı həmçinin məhkəmədə təqsirsizlik prezumpsiyasının pozulduğunu vurğulayıb:
“2024-cü ilin avqustunda Mingəçevir polisi heç bir sübut olmadan cinayət işi açır, baxmır, amma dekabrda bu iş birdən Yasamal Rayon Polis İdarəsinə verilir”.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü (zor tətbiqi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham olunur. O, bu ittihamların siyasi sifarişlə irəli sürüldüyünü bildirir.
Qasımlı 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutkalıq inzibati həbs almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 siyasi məhbus var.