Azər Qasımlının məhkəməsində hakim vəkili hədələyib

Azər Qasımlının məhkəməsində hakim vəkili hədələyib Foto: Amerikanın Səsi
2 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının işi üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesə hakim Telman Hüseynov sədrlik edib.

“Azadlıq Radiosu”nun məlumatına görə, politoloq ifadəsində həbsi və zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla münasibətlərindən danışıb. O, ittihamların absurdluluğunu vurğulayıb:

“Heç öz uşaqlarımla hədə ilə danışmamışam, məni pula görə kiminsə övladını oğurlamaqda ittiham etmək absurddur”, – Qasımlı bildirib.

Məhkəmə gedişində Qasımlının vəkili Rövşanə Rəhimli ilə hakim arasında mübahisə yaşanıb. Vəkil qeyd edib ki, əvvəlki iclaslarda müvəkkilinin məhkəmə zalında vəkillərinin yanında oturmasına icazə verilsə də, o, yenidən şüşə kabində saxlanılır. Hakim isə vəkili Vəkillər Kollegiyasına şikayət etməklə hədələyib.

Qasımlı bildirib ki, Qurbanəli Yusifovla aralarındakı problem kriptovalyuta yatırımı ilə bağlıdır:

“Bitcoin-i yatırım məqsədiylə almışdım. Evə və ya maşına pul yatırmaq kimidir, sadəcə açarı bu adamda idi. O da “evi yox edib”. Aramızdakı mübahisə bundan qaynaqlanır”.

Politoloq əlavə edib ki, məsələ mülki mübahisə xarakteri daşıyır və artıq Mingəçevir şəhər Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Həmin qərarda Yusifovun ona borclu olduğu təsdiqlənib.

Lakin Qasımlının sözlərinə görə, sonradan qarşı tərəf Daxili İşlər Nazirliyinə məktub yazaraq və sosial şəbəkələrdə paylaşım edərək onu dövlətə qarşı çağırışlarda və təhdid yolu ilə pul tələb etməkdə suçlayıb:

“Bir tərəfdən “borcluyam” deyir, digər tərəfdən məni ittiham edir. Bu, həbsimin siyasi sifariş olduğunu açıq göstərir”.

Qasımlı həmçinin bildirib ki, həbsi ərəfəsində onun ölkədən çıxışına qadağa qoyulub, Almaniyaya səfəri hava limanında dayandırılıb. O, ötən ilin dekabrında oğlunu futbol məşqinə apararkən saxlanıldığını xatırladıb.

“Onsuz da hara çağırsalar, gələcəkdim. Bu cür davranışa nə ehtiyac vardı?” – deyə politoloq məhkəmədə vurğulayıb.

Növbəti məhkəmə iclası oktyabrın 8-nə təyin olunub.

Azər Qasımlı 2023-cü il dekabrın 8-də saxlanılıb və Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ittiham olunur. Politoloq ittihamların siyasi motivli olduğunu bəyan edir.

Qasımlı bundan əvvəl 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutkalıq inzibati həbs almışdı. Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda təxminən 400-ə yaxın siyasi məhbus saxlanılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun