Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev ictimaiyyətə müraciət ünvanlayaraq illər boyu üzləşdiyi təzyiqlərdən, siyasi motivli həbslərdən və hazırda ölkədə baş verən hadisələrə münasibətindən danışıb.
Müraciət “Azadlıq Qəzeti” tərəfindən yayımlanıb.
Hacıyev müraciətinə 2000-ci illərin əvvəllərindən başlayaraq yaşadığı təzyiqləri xatırlamaqla başlayıb:
“2004-cü ildə təhsil sistemində korrupsiyaya etiraz etdim; təhsil aldığım universitetdə xaric edilməyim gündəmə gəldi. 2007-ci ildə kommunal qiymətlərin artmasına etiraz məqsədilə sayt qurdum. 12 sutka inzibati qaydada həbs edildim. Həmin il dünyanın ən nüfuzlu universitetinə qəbul edildim. Dövlət rəsmiləri universitetin mənə təklif etdiyi təqaüddən imtina etməyimi, dövlət proqramı çərçivəsində təqaüd almağımı tələb etdilər; dövlət təqaüd müraciətimə isə rədd cavabı verildi”.
O bildirib ki, Harvard Universitetində təhsil almağının qarşısı alınmağa çalışılıb, bu prosesdə dövlət strukturları tərəfindən ciddi təzyiqlərə məruz qalıb.
İctimai fəal 2007-ci ildə ölkə başçısı ilə keçirilən görüşü də xatırladaraq qeyd edib:
“O görüşdə 2009-cu ildə Beynəlxalq Elm Olimpiadasının Azərbaycanda keçirilməsini təklif etdim. Bu olimpiadanın beynəlxalq idarə heyətinin üzvü və təşəbbüskarı olsam da, olimpiada ölkədə keçirilərkən Azərbaycana gəlməməyim tələb olundu. Gələcəyim təqdirdə həbs olunacağımla bağlı təhdid edildim”.
Hacıyev 2010-cu ildə deputatlığa namizədliyini irəli sürdüyünü, seçkidə qalib gəldikdən az sonra həbs olunduğunu da xatırladıb. Onun sözlərinə görə, bütün bu illər ərzində qarşılaşdığı təzyiqlər və həbslər “birbaşa Ramiz Mehdiyevin əmri ilə həyata keçirilib”:
“O və ətrafındakı yaşlı və gənc əlaltıları məni inqilabçı, dövlət çevrilişinə hazırlaşan şəxs kimi təqdim edirdilər. Son həbsim zamanı da cinayət işində guya mənim dövlət çevrilişinə hazırlaşmağım barədə qeydlər var”.
Hacıyev yazıb ki, onu illərlə “dövlət çevrilişinə hazırlaşmaqda” ittiham edənlər indi eyni ittihamla mühakimə olunur:
“Bu gün isə mənə bu ittihamları illərdir yapışdırmağa çalışan Ramiz Mehdiyevin özü dövlət çevrilişinə hazırlıqda ittiham edilir, mühakimə olunur. Mənə qarşı bu saxta ittihamları səsləndirənlər Mehdiyevin sadiq nökərləri idilərsə, ona qarşı bu ittiham dövlət başçıları səviyyəsində müzakirə edilib, daha real və əsaslı qəbul edilir”.
O qeyd edib ki, dövlət içindəki bəzi qüvvələr saxta çevriliş ittihamları ilə vətəndaş cəmiyyəti nümayəndələrini həbs etdirməklə həm Qərblə münasibətləri zədələməyə, həm də “əsl çevriliş hazırlıqlarına diqqət yayındırmağa” çalışıblar:
“Görünür, dövlət içindəki xəyanətkar dəstə saxta çevriliş ittihamları ilə vətəndaş cəmiyyəti təmsilçilərini həbs etdirməklə həm Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini zədələməyə, həm də əsl çevriliş hazırlıqlarına diqqət yayındırmağa çalışıblar”.
Bəxtiyar Hacıyev vurğulayıb ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır və o, heç vaxt dövlətə xəyanət etməyib:
“Şadam ki, ittiham olunduğum əməllər arasında Mehdiyevdən fərqli olaraq dövlətə xəyanət cinayəti yoxdur. Heç vaxt nə ölkə daxilində, nə də ölkə hüdudlarından kənar heç bir şəxs, qrup, qüvvə və dövlətlə dövlət maraqlarımıza zərbə sayılacaq heç bir addım atmamışam. Əksinə, ictimai fəaliyyətimdə, hətta hakimiyyəti tənqidimdə belə, demokratik cəmiyyətlərdə dövlətin inkişafı üçün zəruri olan vətəndaş cəmiyyəti fəaliyyəti ilə məşğul olmuşam. Cinayət yox”.
Müraciətinin sonunda Hacıyev ölkədə siyasi məhbusların vəziyyətinə diqqət çəkərək, 44 günlük müharibənin ildönümü ərəfəsində “ictimai barışıq təşəbbüsləri”nin irəli sürüləcəyinə ümid etdiyini bildirib:
“Gələn həftə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin 5-ci ildönümüdür. Həmin həftə birinci Qarabağ müharibəsi qazisi Tofiq Yaqublunun, hüquq müdafiəçisi Rüfət Səfərovun, mənim və digər siyasi məhbusların məhkəmələri keçiriləcək. Ümid edirəm ki, hələ də dövlət idarəçiliyində sağlam düşünən, rasional qərarlar verə bilən həqiqi dövlət adamları qalıblar və onlar zəfər bayramı ərəfəsində ölkədə ictimai barışığı təşviq edəcək təşəbbüslər irəli sürəcəklər. Bu təşəbbüslər əsasında qəbul ediləcək qərarlar siyasi sifarişlə həbs olunmuş vətəndaş cəmiyyəti təmsilçilərinə, mətbuat nümayəndələrinə, ruhanilərə və geniş məhkum kütləsinə şamil ediləcək”.
Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs edilib. 2024-cü ilin yanvarında o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 213.1 (vergidən yayınma) və 320 (saxta sənədlərdən istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Hacıyev ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları da onun həbsinin siyasi motivli olduğunu bildiriblər.
 
                
                
                
             
                 
            
            
            
         
            
            
            
        