44 günlük İkinci Qarabağ müharibəsinin səbəblərini araşdıran Ermənistan Parlamentinin istintaq komissiyasının hazırladığı hesabat ictimaiyyətə açıqlanmayacaq. Sənəd artıq parlamentin gizli sənədlər şöbəsinə göndərilib və yalnız xüsusi icazəsi olan deputatlar onunla tanış ola biləcəklər. Bu barədə “Azadlıq Radiosu”nun erməni xidməti məlumat yayıb.
Baş nazir Nikol Paşinyan 2023-cü ilin iyununda komissiyanın iclasında çıxış edərək müharibə və Qarabağ münaqişəsinin həlli ilə bağlı ictimaiyyətə davamlı məlumat verilməsinin vacibliyini vurğulamışdı. Lakin indi bu hesabat nə Parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq, nə də ictimaiyyətə təqdim ediləcək.
Parlament sədri Alen Simonyan hesabatın gündəliyə salınmamasını “vaxt məhdudiyyətləri və hüquqi əsasların olmaması” ilə izah edib: “İki ildən artıq vaxt keçdiyi üçün hesabat plenar iclasa daxil edilə bilməz”. O, deputatların yalnız qapalı şəkildə tanış ola biləcəyini bildirib.
Komissiyanın rəhbəri Andranik Koçaryan isə bu yanaşmaya qarşı çıxaraq deyib: “Əgər hesabat plenar iclasa daxil edilirsə, bu, onun mövcudluğunu təsdiqləyir və Konstitusiyanın tələbidir ki, o zaman sənəd parlamentdə təqdim olunmalıdır. Əks halda, hesabat formal olaraq mövcud deyil”.
Müxalifət isə sənədin gizli saxlanılmasını hakimiyyətin məsuliyyətdən yayınması kimi qiymətləndirir. “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan bildirib ki, hesabatda yüksək hərbi rəhbərlik də daxil olmaqla çoxsaylı şəxslərin verdiyi ifadələr var:
“Əgər bu ifadələr obyektiv şəkildə açıqlansaydı, hər kəs görərdi ki, müharibə dövründə dövlətin idarəçiliyini siyasi hakimiyyət tamamilə iflasa uğradıb”.
Müxalif “Daşnaksütyun” fraksiyasının nümayəndələri də hesab edirlər ki, hakimiyyət komissiyanı 2022-ci ildə “şou” məqsədilə yaratmışdı. Onların fikrincə, proses yalnız Paşinyanın ictimaiyyət qarşısında ifadə verməsi və müxtəlif hərbçilərə qarşı hücumların siyasi əsaslandırılması üçün istifadə olunub.
Komissiyanın fəaliyyətində baş nazir Paşinyanla yanaşı, keçmiş müdafiə naziri Davit Tonoyan, keçmiş Baş Qərargah rəisi Onik Qasparyan, Qarabağın sonuncu “prezidenti” Samvel Şahramanyan və digər yüksək vəzifəli şəxslər də iştirak edib.
Müxalifət deputatları hesabatı gizli sənədlər şöbəsində oxumaq niyyətində olsalar da, sənədin müharibənin gerçək səbəblərini əks etdirmədiyini düşünürlər.