Gürcüstanda saxlanılan Əfqan Sadıqov 270 min lari cərimələnib

Gürcüstanda saxlanılan Əfqan Sadıqov 270 min lari cərimələnib
28 Oktyabr 2025
Mətni dəyiş

Gürcüstanda yenidən saxlanılan “AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov 270 min lari (təxminən 99 min ABŞ dolları) məbləğində cərimələnib.

Jurnalisti saxlanıldığı Marneuli təcridxanasında ziyarət edən vəkili Ayhan Həsənli onun artıq məhkəmə qərarını aldığını bildirib.

“Əfqan Sadıqov yolu bağladığına görə 54 dəfə cərimə olunub, ümumi məbləği 270.000 lari təşkil edir (hər iş üçün 5000 lari)” – deyə vəkil bildirib.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Əfqan Sadıqovun təcridxanadan ailəsi ilə əlaqə yarada bilmədiyini bildirib. Onun sözlərinə görə, təcridxana rəhbərliyi bunu “Fransaya telefon zəngi etməyin mümkün olmaması” ilə izah edib.

“Gürcüstan Ədliyyə Nazirliyinin diqqətinə çatdırmaq istəyirəm ki, mənim Gürcüstan nömrəm mövcuddur. Buna görə də əlaqə ilə bağlı qanunsuz məhdudiyyətlər və əsassız bəhanələr qəbulolunmazdır”.

Əfqan Sadıqov oktyabrın 23-də Tbilisidə inzibati qaydada saxlanılıb və 14 sutkalıq azadlıqdan məhrumetmə cəzası alıb. O, “qanunsuz olaraq yol bağlamaqda” ittiham olunur.

Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, ötən ilin iyulunda Gürcüstandan Türkiyəyə buraxılmadığını açıqlamışdı. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə saxlanılıb.

Azərbaycan tərəfi jurnalisti pul tələb etməkdə ittiham edir və onun ekstradisiyasını tələb edib.

Gürcüstan hakimiyyəti isə Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar qəbul etsə də, bu qərar icra edilməyib.

Əfqan Sadıqov ittihamları qurama və siyasi motivli adlandırıb. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari (təqribən 3 min manat) girov qarşılığında azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun