Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili külli miqdarda çirkli pulların yuyulmasında ittiham edilir

Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili külli miqdarda çirkli pulların yuyulmasında ittiham edilir
24 Oktyabr 2025
Mətni dəyiş

Gürcüstanın sabiq baş naziri və hakim “Gürcü Arzusu” Partiyasının keçmiş sədri İrakli Qaribaşviliyə qarşı qanunsuz gəlirlərin xüsusilə böyük həcmdə leqallaşdırılması ittihamı irəli sürülüb. Bu barədə “Exo Kavkaza” portalı Baş Prokurorluğa istinadən məlumat yayıb.

İttihama görə, 2019–2024-cü illərdə müdafiə naziri və baş nazir vəzifələrində çalışmış Qaribaşvili dövlət qulluqçusu kimi “Korrupsiya ilə mübarizə haqqında” qanuna əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzdi və əməkhaqqından başqa gəlir əldə etməyə hüququ yox idi. Lakin o, vəzifədə olduğu illərdə gizli şəkildə biznes fəaliyyəti ilə məşğul olaraq qanunsuz gəlirlər əldə edib.

Prokurorluq bildirir ki, Qaribaşvili mülkiyyətini leqallaşdırmaq üçün gəlir bəyannamələrində saxta məlumatlar göstərib, guya hər il ailə üzvlərindən böyük məbləğdə pul hədiyyələri alıb. Beləliklə, o, qanunsuz gəlirin bir hissəsini – 830 min lari (təxminən 301 min dollar) – “ailə hədiyyələri” adı altında leqallaşdırmağa çalışıb.

İstintaqın məlumatına görə, 2023–2024-cü illərdə Qaribaşvili ona yaxın şəxslərin adına iki bahalı avtomobil (ümumi dəyəri 463 630 lari, təxminən 168 min dollar) rəsmiləşdirib. Bundan başqa, ailə üzvü vasitəsilə 210 min lariyə (76 min dollar) daşınmaz əmlaka sahib şirkətin 100 faiz payını alıb.

Prokurorluq bildirir ki, o, ailə üzvü adına qeydiyyatdan keçmiş şirkət vasitəsilə ümumilikdə 3 milyon 670 min lari (təxminən 1,3 milyon dollar) həcmində investisiya yatırıb. Qaribaşvili bu vəsaitlərin əksər hissəsini xarici valyutaya çevirərək mənşəyini gizlətməyə cəhd göstərib.

Oktyabrın 17-də aparılan ev axtarışı zamanı hüquq-mühafizə orqanları onun mənzilindən 6,5 milyon dollar nağd vəsait aşkar edib. Prokurorluğun açıqlamasına görə, Qaribaşvili istintaq zamanı günahını tam etiraf edib.

Prokurorluq məhkəmədən onun barəsində 1 milyon lari (təxminən 363 min dollar) məbləğində girov təyin olunmasını, eləcə də pasportunun alınaraq ölkədən çıxışına qadağa qoyulmasını istəyəcək.

İrakli Qaribaşvili 2012-ci ildə Bidzina İvanişvilinin “Gürcü Arzusu” Partiyasını yaratmasından bəri bu siyasi qüvvənin əsas fiqurlarından biri olub. Həmin il o, partiyanın parlament seçkilərinə hazırlıq qrupunda yer alıb. Partiya seçkilərdə 85 mandat qazanaraq hakimiyyətə gəlmişdi.

Qaribaşvili baş nazir vəzifəsini iki dəfə – 2013–2015 və 2021–2024-cü illərdə tutub. 2024-cü ilin yanvarında o, “Gürcü Arzusu”nun sədri seçilib, lakin apreldə bu vəzifədən istefa verib.

O, istefasından sonra açıqlama verərək özəl sektorda fəaliyyətini davam etdirəcəyini və “Gürcü Arzusu”na qarşı siyasi rəqib kimi geri dönmək niyyətində olmadığını bildirmişdi.

Oktyabr ayında istintaq orqanları həm Qaribaşvilinin, həm də sabiq Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluashvili və keçmiş baş prokuror Otar Pirtsxaladzenin evlərində axtarış aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun