Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək, “Azəristiliktəchizat” mərhələli keçidə başlayır

Əhaliyə verilən istilik enerjisi sayğacla ölçüləcək, “Azəristiliktəchizat” mərhələli keçidə başlayır
17 Oktyabr 2025
Mətni dəyiş

“Əhaliyə verilən istilik enerjisi mütləq şəkildə sayğacla ölçülməlidir”. Bunu “Report”a müsahibəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, bu addım həm şəffaflığın təmin olunması, həm də xərclərin optimallaşdırılması baxımından vacibdir:

“Biz son iki ildə bu mövzunu aktiv gündəmdə saxlamışıq. Əvvəllər bu məsələ ümumiyyətlə müzakirə olunmurdu. Ola bilsin ki, bəzi hallarda biz çox enerji veririk, amma onun dəyərini tam şəkildə ala bilmirik”, – Mirzəliyev qeyd edib.

ASC sədrinin sözlərinə görə, istilik sayğaclarının quraşdırılması qaz, su və elektrik sayğacları qədər sadə proses deyil:

“Mənzillərə gələn istilik bir nöqtədən deyil, bir neçə boru xətti ilə ötürülür. Buna görə hər otağın batareyasına ayrıca sayğac qoymaq texniki və inzibati baxımdan çətindir. Hər ay mənzillərə daxil olaraq göstəriciləri oxumaq və müdaxilələrin qarşısını almaq da problem yaradır. Buna görə biz mərhələli şəkildə hərəkət etməyi planlaşdırırıq”.

İlham Mirzəliyev bildirib ki, ilkin mərhələdə sayğacların quraşdırılması qeyri-əhali abonentlərindən – məktəblər, bağçalar, tibb müəssisələri və digər ictimai binalardan başlanacaq:

“Bu obyektlərdə enerji bir nöqtədən daxil olur, ona görə sayğac quraşdırmaq mümkündür. Əhali üçün isə artıq pilot layihə həyata keçirilir. 60 istilik sayğacı alınıb və bir hissəsi quraşdırılıb. Bu mövsümdə onların iş prinsipi və nəticələri təhlil ediləcək”.

Qurum rəhbəri əlavə edib ki, çoxmənzilli binalarda sayğacların tətbiqi üçün hüquqi mexanizmlər də müəyyənləşdirilməlidir:

“Sayğacın bir tərəfi təchizatçı – “Azəristiliktəchizat”, digər tərəfi isə istehlakçı olmalıdır. Amma binalarda hələ tam formalaşmamış MMMC-lər (mənzil-mülkiyyət müştərək cəmiyyətləri) olduğu üçün bu tərəfi kim təmsil edəcək, bu, aydın deyil”.

Mirzəliyev vurğulayıb ki, pilot layihənin nəticələrinə əsasən hökumətə təkliflər paketi təqdim olunacaq:

“Sayğacların quraşdırılması əhali istehlakçıları üçün dövlət və “Azəristiliktəchizat”ın hesabına, qeyri-əhali abonentləri üçün isə öz vəsaitləri hesabına həyata keçiriləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun