İqbal Əbilovun apellyasiya şikayəti rədd edilib

İqbal Əbilovun apellyasiya şikayəti rədd edilib Foto: Amerikanın Səsi
24 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 23-də “Talış Milli Akademiyasının xəbərləri” nəşrinin baş redaktoru, tədqiqatçı İqbal Əbilov barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb.

Bu barədə məlumatı onun Hüquqlarını Müdafiə Komitəsi yayıb. Komitənin bildirdiyinə görə, müdafiə tərəfi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Əbilov barəsində verdiyi 18 il azadlıqdan məhrumetmə hökmündən şikayət etmişdi. Lakin Şirvan Apellyasiya Məhkəməsi qərarı dəyişmədən qüvvədə saxlayıb.

Müdafiə Komitəsinin açıqlamasında qeyd olunur ki, Şirvan Polis Şöbəsinin müvəqqəti saxlama məntəqəsinin rəisi Əbilovla kobud rəftar edib. O, bu məsələni məhkəmə iclasında qaldırıb və hakim həmin iddianı qeydə aldığını bildirib.

Vəkillər bildiriblər ki, onlar qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

“Müdafiə tərəfi İqbal Əbilova qarşı irəli sürülən ittihamları əsassız və siyasi motivli hesab edir. Onların fikrincə, bu ittihamlar Əbilovun talış xalqının tarixi və mədəni irsini tədqiq və təbliğ etməsi ilə bağlıdır,” – Komitənin bəyanatında deyilir.

Dövlətə xəyanətdə ittiham olunan İqbal Əbilovu 2024-cü il iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

O, “Talış Milli Akademiyasının xəbərləri” adlı virtual nəşrin baş redaktorudur. Saytda talış folkloru, tarixi sənədlər və tədqiqatlara dair materiallar dərc olunurdu.

2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu 18 il müddətinə azadlıqdan məhrum edib. Əbilov ittihamları qəbul etmir, fəaliyyətini elmi tədqiqat işi kimi qiymətləndirir.

Hüquq müdafiəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun