Latviya parlamenti “İstanbul Konvensiyası”ndan çıxmaq qərarını təsdiqləyib

Latviya parlamenti “İstanbul Konvensiyası”ndan çıxmaq qərarını təsdiqləyib
31 Oktyabr 2025
Mətni dəyiş

Latviya parlamenti ölkənin qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və aradan qaldırılması haqqında İstanbul Konvensiyasından çıxması barədə qərarı təsdiqləyib. Bu barədə “LRT” xəbər yayıb.

Latviya konvensiyanı 2023-cü ilin noyabrında ratifikasiya etmişdi. 

İstanbul Konvensiyasından çıxış təşəbbüsünü sentyabrda müxalifətdə olan sağçı “Latviya hər şeydən öncə” partiyası irəli sürüb. “Delfi” portalının məlumatına görə, təklifi 56 deputat dəstəkləyib, 32-si isə əleyhinə səs verib. Dəstək verənlər arasında müxalifət partiyaları və Yaşıllar və Kəndlilər İttifaqı da olub.

“Yeni birlik” partiyasından olan deputatlar səsvermə zamanı məişət zorakılığı ilə bağlı şəxsi təcrübələrini bölüşərək, konvensiyadan çıxmağın insan haqlarının müdafiəsinə zərbə vuracağını bildiriblər.

Qərarın əleyhinə çıxan digər deputatlar isə xəbərdarlıq ediblər ki, bu addım ölkənin beynəlxalq nüfuzuna və investor etimadına zərər verə bilər.

Əks mövqedə olan “Latviya hər şeydən öncə” partiyası isə iddia edir ki, İstanbul Konvensiyası xarici ideoloji dəyərləri diktə edir və Latviyanın ənənəvi ailə dəyərlərinə ziddir.

Parlamentin qəbul etdiyi qanun Latviya prezidenti Edqars Rinkeviçsə təqdim olunub. Dövlət başçısı 10 gün ərzində sənədi ya təsdiqləməli, ya da parlamentə geri göndərməlidir. Rinkeviçs bəyan edib ki, onun referendum keçirmək də daxil olmaqla bir neçə qərar variantı var.

Səsvermədən öncə Almaniya, Fransa, Böyük Britaniya, Danimarka və Polşa da daxil olmaqla 15 Avropa ölkəsinin diplomatları Latviya parlamentinə məktub göndərərək, mümkün çıxışla bağlı narahatlıqlarını ifadə ediblər. Onlar vurğulayıblar ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılığa qarşı mübarizədə əsas beynəlxalq sənəddir.

Oktyabrın 29-da isə təxminən 5 min nəfər Seymin binası qarşısında aksiya keçirərək konvensiyanın ləğvinə etiraz edib. Bu, son illərdə Latviyada keçirilən ən böyük etiraz aksiyalarından biri hesab olunur.

İstanbul Konvensiyası – Avropa Şurasının qadınlara və məişət zorakılığına qarşı mübarizə haqqında hüquqi sənədidir. Hazırda onu 38 Avropa ölkəsi ratifikasiya edib. Türkiyə 2021-ci ildə konvensiyadan çıxıb və onun əvəzini milli qanunvericiliklə tənzimləyəcəyini bildirib. Ermənistan, Bolqarıstan, Macarıstan, Çexiya, Litva və Slovakiya sənədi imzalasa da, hələ ratifikasiya etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun