Əli Zeynala ailəsilə yalnız şüşə arxasından görüşə icazə verildiyi bildirilir

Əli Zeynala ailəsilə yalnız şüşə arxasından görüşə icazə verildiyi bildirilir
16 Oktyabr 2025
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbasdə olan Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynala saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailəsi ilə yalnız şüşə arxasından görüşməyə icazə verilmədiyi bildirilib.

Bu barədə məlumatı “Toplum TV” yayıb. Qeyd edilib ki, oktyabrın 12-də ailəsi ilə görüşən Əli Zeynala konfidensial görüş imkanı verilməyib. Onun ailəsi nəşrə bildirib ki, bu qərarın verilməsinə səbəbin Əli Zeynalın təcridxanadan ictimailəşdirdiyi yazılar olduğunu düşünürlər.

Əli Zeynal daha əvvəl təcridxanadan göndərdiyi yazılarda məhbusların saxlanma şəraitinin ağır olduğunu və dərman gətirilməsi üçün rüşvət tələb olunduğunu açıqlamışdı. Bu yazılardan sonra o, bir neçə dəfə cərimə kamerasına (“kars”) salınıb.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov isə polis nəzarətinə buraxılıb.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. Təqsirləndirilən şəxslər bütün iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun