Bakı şəhərində həbs edilən “Sputnik Azərbaycan” informasiya agentliyinin icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb. Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” qəzetinə açıqlayıb.
Məlumata görə, Kartavıxın azadlığa çıxması Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən dərhal əvvəl razılaşdırılıb. Uşakovun sözlərinə görə, bu qərar onun özü və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında birbaşa koordinasiya nəticəsində mümkün olub.
İqor Kartavıx və agentliyin baş redaktoru Yevgeniy Belousov iyunun 30-da Daxili İşlər Nazirliyinin əməliyyatı ilə saxlanılmışdı. Daha sonra Xətai Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçmişdi.
Kartavıxın azad olunması fonunda Rusiya tərəfi də öz növbəsində ölkə ərazisində saxlanılan azərbaycanlılardan birini buraxıb.
Oktyabrın 9-da Düşənbədə baş tutan Əliyev–Putin görüşündə iki ölkə arasında münasibətlərin müttəfiqlik ruhunda davam etdiriləcəyinə ümid ifadə olunub. Vladimir Putin həmçinin 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib və məsələ üzrə istintaqın davam etdiyini bildirib. Onun sözlərinə görə, hadisə günü Rusiya hava məkanına müdaxilələr qeydə alınıb və HHQ-nin açdığı atəşin qəlpələri təsadüfən təyyarəyə dəyib.
“Bununla əlaqədar kompensasiyalar ödəniləcək və günahkarlar cəzalandırılacaq”, – deyə Putin vurğulayıb.
Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsi AZAL təyyarəsinin 2024-cü ilin dekabrında qəzaya uğramasından sonra başlayıb.
Daha sonra Yekaterinburqda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü ilə bu gərginlik daha da artıb. Bundan sonra Bakıda “Sputnik Azərbaycan”ın rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılıb. Bundan əlavə, daha 11 Rusiya vətəndaşı narkotik alveri və kibercinayətkarlıq ittihamı ilə həbs olunub.
Rusiyanın müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara, o cümlədən Rusiya vətəndaşlığı olanlara qarşı iradları yaranıb.
Eyni zamanda, Azərbaycanda yaşayan Rusiya vətəndaşları və turistlər də güc strukturlarının onlara müraciət etməsindən və miqrasiya xidmətlərinə çağırılmalarından şikayətləniblər.