Nicad İbrahimin apellyasiya şikayəti təmin olunmayıb

Nicad İbrahimin apellyasiya şikayəti təmin olunmayıb
7 Oktyabr 2025
Mətni dəyiş

Həbsdə olan ictimai fəal Nicad İbrahim haqqında çıxarılmış 6 il 6 aylıq həbs hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib. Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən iclasda belə qərar qəbul olunub.

“Azadlıq Radiosu”nun yazdığına görə, İbrahimin vəkili məhkəmədən hadisə yerinin kamera görüntülərinin və sənədlərin araşdırılmasını, zərərçəkənin əməliyyat olunub-olunmadığının müəyyən edilməsini tələb etsə də, vəsatətlər təmin edilməyib.

Məhkəmədə çıxış edən Nicad İbrahim bildirib ki, heç bir cinayət törətmədiyi halda 1 il 1 aydır şərlənərək həbsdə saxlanılır. Onun sözlərinə görə, bu müddətdə etiraz əlaməti olaraq 21 gündür aclıq edir:

"Mən cinayət törətməmişəm, əksinə, mənə qarşı cinayət baş verib. Əsl zərərçəkən mənəm, amma cinayətkarlar sərbəst gəzir".

Onun həyat yoldaşı Pərvin İbrahimova Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib. O, həmçinin İbrahimin sağlamlığından ciddi narahat olduğunu vurğulayıb:

"21 gün aclıq insanı məhv edir. Göz görə-görə adamı öldürürlər. Heç bir sübut olmadan hökm çıxaran hakimlər buna necə haqq qazandırır?"

Nicad İbrahim 2024-cü ilin sentyabrında həbs olunub. Buna qədər o, polis orqanlarını sərt tənqid edən paylaşımlar edib, ölkədən çıxışına qadağa qoyulub. O, əvvəllər də müxtəlif ittihamlarla həbs edilib, 2021-ci ildə isə karantin qaydalarını pozmaqda suçlanaraq 1 il 3 ay həbsdə saxlanılıb.

İbrahim bir neçə il öncə ağzını tikərək aclıq aksiyası keçirməsi ilə də diqqət çəkmişdi. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun