“QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın məhkəməsi başlayıb, vəkil məhkəmə tərkibinə etiraz edib

“QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın məhkəməsi başlayıb, vəkil məhkəmə tərkibinə etiraz edib
14 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 13-də “QHT işi” üzrə təqsirləndirilən şəxslərdən biri – qadın hüquqları müdafiəçisi Nərgiz Muxtarovanın məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə anket məlumatları dəqiqləşdirilib.

Nərgiz Muxtarovanın vəkili Xaliq Hüseynov məhkəmə tərkibinə etiraz edib. O bildirib ki, tərkibdə yer alan hakimlərdən Rasim Sadıxov və Novruz Kərimov təqaüd yaşındadır və onların səlahiyyət müddəti başa çatıb. Hüseynov həmçinin bütün tərkibə etiraz edərək xatırladıb ki, Muxtarovanın həyat yoldaşı Fərid Mehralızadənin işi də eyni məhkəmə heyətinin icraatında olub.

Dövlət ittihamçısı bu etirazları əsassız sayıb və hakimlərin fəaliyyətinə xitam verilmədiyinə görə onların işə baxmaq səlahiyyətinin qüvvədə olduğunu bildirib. Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

Müdafiəçi daha sonra Baş Prokurorluğa sorğu göndərilməsi barədə vəsatət qaldırıb. O, şahid qismində adı keçən Şəhla İsmayılın barəsində olan cinayət işinin məhkəməyə təqdim olunmasını istəyib. Hüseynovun sözlərinə görə, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri olan Şəhla İsmayıl eyni maddələrlə ittiham olunub, lakin onun işi ayrıca icraata götürülüb.

“Biz onun statusunun müəyyən edilməsini istəyirik”, – deyə vəkil qeyd edib.

O, həmçinin Muxtarovanın təqsirsiz olduğunu, əsassız şəkildə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayaraq, işə bəraətverici əsaslarla xitam verilməsini tələb edib. Lakin məhkəmə bu vəsatəti də təmin etməyib.

Prokuror işin baxışa verilməsini və Nərgiz Muxtarova barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməməsini təklif edib. Məhkəmə bu təklifi qəbul edərək işin mahiyyəti üzrə baxışının 27 oktyabr tarixinə təyin olunduğunu elan edib.

Nərgiz Muxtarova Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

“QHT işi” çərçivəsində indiyədək 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisi cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bəziləri — “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının direktoru Məmməd Alpay, ictimai fəallar Asəf Əhmədov, Zamin Zəki və Əhməd Məmmədzadə həbsdədir.

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə ölkədən kənarda olduqları üçün barələrində axtarış elan edilib, digər şəxslər barəsində alternativ qətimkan tədbirləri seçilib.

Təqsirləndirilən QHT təmsilçiləri irəli sürülən ittihamları qəbul etmir, özlərini təqsirsiz sayırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun