Səməd Seyidov: “İşgəncələr Əleyhinə Komitənin Azərbaycana buraxılması AŞPA-nın bizə münasibətini dəyişməyəcək”

Səməd Seyidov: “İşgəncələr Əleyhinə Komitənin Azərbaycana buraxılması AŞPA-nın bizə münasibətini dəyişməyəcək” Foto: Səməd Seyidov/azadliq.org
8 Oktyabr 2025
Mətni dəyiş

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı sabiq rəhbəri Səməd Seyidov Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması Komitəsinin (CPT) 2 illik fasilədən sonra ölkəyə buraxılmasını şərh edib.

Seyidov “Gununsesi info”ya müsahibəsində deyib ki, CPT nümayəndələrinin ölkəyə buraxılması AŞPA-da Azərbaycana qarşı mövqeni dəyişməyəcək:

“Bu məsələ Azərbaycanı hədəf almaq üçün səbəblərdən biri olub. AŞPA-ya bizi tənqid etmək üçün fürsət lazım idi. Biz İşgəncələr Əleyhinə Komitəyə şərait yaratdıq, amma tam səmimi deyim ki, onlar – Şvabekimilər – yenə tənqid edəcəklər. AŞPA-da bir qrup adam var ki, Azərbaycana daxilən nifrət hissləri var. Ona görə də mən gözləmirəm ki, bizə münasibət dəyişsin”.

Deputat Avropa Şurasının Baş katibi ilə Azərbaycanın normal dialoq apardığını, lakin bunun AŞPA ilə münasibətlərə təsir etmədiyini bildirib:

“Prezidentimiz dəfələrlə Baş katibi qəbul edib. O da istəyir ki, münasibətlər qaydasında olsun, çağırışlar edib. Amma nəticə yoxdur. Təəssüf ki, Baş katiblə konstruktiv münasibətimiz var, AŞPA ilə yoxdur. Çünki Assambleya bir-iki nəfərin girovuna çevrilib. Elə o boyda təşkilatın baş katibi də təsir göstərə bilmir”.

AŞPA-nın Azərbaycandakı siyasi məhbuslarla bağlı iddialarını şərh edən Səməd Seyidov bildirib ki, bu mövzudan siyasi təzyiq vasitəsi kimi istifadə olunur:

“Bütün üzv ölkələrdə insan hüquqları ilə bağlı problemlər var. Amma bizə münasibətdə insan hüquqları əsas götürülmür, sadəcə siyasi terror aparılır. Onlar Azərbaycana qara yaxmaqla heç vaxt törətmədiyimiz işləri boynumuza qoymaq istəyirlər. İnsan haqlarını alət kimi istifadə edirlər. Siz də insan hüquqları məsələsini siyasi terrorla səhv salmayın. Onlar siyasi terrorla məşğuldurlar, amma Azərbaycanın gördüyü işlər fonunda mövqeləri zəifləyir”.

Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınması Komitəsi (CPT) sentyabrın 22-dən oktyabrın 3-dək Azərbaycana növbəti monitorinq səfəri həyata keçirib. Bu, Komitənin ölkəyə altıncı dövri səfəri olub.
 
Səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində saxlanılan şəxslərin, penitensiar müəssisələrdəki məhbusların saxlanma şəraiti və rəftarını öyrənmək olub. Həmçinin psixiatrik müəssisələrdə saxlanılan şəxslərə göstərilən rəftar, onların hüquqi təminatları və saxlanma şəraiti də araşdırılıb.
 
Səfər çərçivəsində CPT nümayəndələri əvvəlki illərdə verilmiş tövsiyələrə Azərbaycan hakimiyyətinin necə reaksiya verdiyini də qiymətləndiriblər.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətini qurumdan kənarlaşdırarkən əsas arqumentlərdən biri məhz CPT nümayəndələrinin ölkəyə buraxılmaması olmuşdu. AŞPA-nın Azərbaycanı kəskin tənqid edən üzvlərindən Frank Şvabe də bu məsələni dəfələrlə gündəmə gətirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun