“Toplum TV işi”: “Hökumət azad jurnalistləri həbs edib, amma açdığımız o cığırı qapada bilmir”

“Toplum TV işi”: “Hökumət azad jurnalistləri həbs edib, amma açdığımız o cığırı qapada bilmir”
20 Oktyabr 2025
Mətni dəyiş

Oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası baş tutub. 

“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər sərbəst ifadələr veriblər.

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) həbsdə olan əməkdaşı İlkin Əmrahov əvvəlki iclasda başladığı sərbəst ifadəsini davam etdirib. O, IDI-yə qoşulmazdan əvvəlki ictimai fəaliyyətlərindən, o cümlədən Avrasiya Əməkdaşlıq Fondunun təlimçilər üçün təşkil etdiyi layihədə iştirakından danışıb:

“Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiq qrupu kompüterimdə bu layihədə iştirakımı təsdiqləyən məlumatları, mesajları “mötəbər sübut” kimi cinayət materiallarına əlavə edib. Qeyd edim ki, 2022-ci ildə başqa təşkilatlarda da fəaliyyətim olub. Mənim məqsədim özümü inkişaf etdirmək və vətəndaş cəmiyyətinə töhfə vermək olub. İstintaq orqanı da mənim fəaliyyətlərimi cinayət işinə daxil edərək, özləri də istəmədən mənim məqsədimi təsdiqləyiblər”.

Əmrahov bildirib ki, ittihamda qeyd edildiyi kimi Akif Qurbanovla 2014-cü ildə deyil, yalnız 2023-cü ildə IDI-nin gənc layihə menecerləri üçün təşkil etdiyi təlimə müsahibə zamanı tanış olub:

“Təxminən 30 dəqiqəlik qısa söhbətimiz oldu. Müsahibədən sonra öz-özümə düşündüm ki, əgər Azərbaycanda 4-5 sotun içərisində demokratik mühit varsa, mən də orada olmalıyam, belə də oldu. Müsahibədən uğurla keçdim və fevral ayının sonlarından etibarən 3 ay müddətində şənbə-bazar günləri 3 saatlıq təlimlərə qatıldım”.

O, 2024-cü il martın 6-da “Toplum TV” və IDI ofislərində keçirilən polis reydini xatırladıb:

“Polislər ofisə basqın etdilər. Dərhal interneti kəsdilər. Telefonları məcburi şəkildə hər kəsdən aldılar. Məhkəmə qərarı təqdim etmədən, heç bir izahat vermədən “təcili əməliyyat - axtarışa” başladılar. Halbuki ofisdə insan meyiti yox idi, şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayət hazırlanmırdı və ya insanın həyat və səhhəti üçün real təhlükə yox idi”.

Əmrahovun sözlərinə görə, o, saxlanıldıqdan sonra başına qara torba keçirilərək Lökbatan qəsəbəsindəki evinə aparılıb:

“Pulların mənim olmadığını, elə polisin özünün qoyduğunu bildirib, pulları saymaqdan imtina etdim. Bir neçə dəqiqə mübahisə elədik, babam da qarğış eləyirdi. Əməliyyatçılardan biri mənim qoluma vurulan rezin sıxacdan birini də gətirdi ki, pulları sayıb bizə təqdim etməsən, babanı da qandallayıb səninlə birlikdə idarəyə aparacağıq. Atam və anam da gəlmişdilər, onları da evə buraxmırdılar. İkisi də hasardan atlanıb həyətə girmişdilər. Əməliyyatçılar valideynlərimi də idarəyə aparacaqlarını deyib, təhdid edirdilər. Mən də babam və valideynlərim daha çox stress yaşamasınlar deyə məcbur qalıb pulları sayıb verdim”.

Əmrahov deyib ki, saxlanıldıqdan sonra xəstə olduğu üçün ona dərman verilib:

“Sonradan Kürdəxanıda narkotik istifadə edən şəxslərlə söhbət edəndə BŞBPİ-dəki atdığım dərmanların görünüşünü izah etdim. Mənə dedilər ki, həmin dərmanlar “Lirika” adlı narkotik tərkibli dərman olub. Hansı səbəblə saxlanıldığım, nədə ittiham olunduğum barədə heç nə deyilmirdi. Daha sonra vəkil getdi. Gecə saat 1-2 olardı, müstəntiq ifadədə texniki səhvlər olduğunu, yenidən tərtib etdiyini dedi. Halsız vəziyyətdə olduğum üçün oxumadan qol çəkdim. Təzyiq altında olduğum üçün şübhəli şəxs kimi verdiyim ifadədən imtina edirəm”.

İlkin Əmrahov istintaqın onun və digərlərinin guya xaricdən valyuta qaçaqmalçılığı ilə məşğul olması iddiasını da rədd edib:

“BŞBPİ-nin məhkəməyə təqdim etdiyi vəsatət və təqdimatlarda yazılırdı ki, istintaq guya müəyyən edib ki, biz qabaqcadan əlbir olub 2023-2024-cü illər ərzində müxtəlif adlar altında xarici ölkələrə səfərlər etmişik və xaricdən ölkəyə qaçaq mal gətirmişik. Halbuki mən ümumiyyətlə xarici ölkəyə getməmişəm, xarici pasportum da yoxdur. Sanksiya məhkəmələrində proses necə qanunsuz aparılırdısa, indi də o formada davam edir”.

“Toplum TV” əməkdaşı Fərid İsmayılov da bildirib ki, 10 aydır həbsdədir və bütün ittihamları rədd edir:

“Ümumilikdə bu proses il yarımdır davam edir. Mən hələ də qanunda nəyi pozduğumu bilmirəm. Dövlət Gömrük Komitəsinin sənədləri ilə qaçaqmalçı olmadığımı, Mərkəzi Bank çirkli pulları istifadə etmədiyimi, şahidlər “Toplum TV”də sadəcə müxbir olduğumu təsdiqləyib. Bəs cinayət olan nədir? Minlərlə səhifəlik cinayət işində mənə aid olan bir sübut göstərin, bütün ittihamları qəbul edim. Bu səbəbdən bildirirəm ki, təqsirsizəm”.

Videoredaktor Müşfiq Cabbar isə çıxışında cinayət işini siyasi adlandırıb:

“Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə verir. Biz həbs olunana qədər ölkə “Gülüstan” idi. Nə oldu, birdən problemlər çıxdı ortaya? Hökumət azad jurnalistlərin demək olar hamısını həbs edib. Amma bizim açdığımız o cığırı qapada bilmir. İnsanlar şikayətlərini mediaya danışmağı öyrəniblər. Bizim yoxluğumuzu hiss etdirməmək üçün “AzTV” də məcburdur partlamış kanalizasiya borusunu işıqlandırsın”.

Jurnalist Elmir Abbasov sərbəst ifadə verməkdən və istintaqa verdiyi ifadədən imtina edib.

“Toplum TV” həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli isə səhhətinə görə ev dustaqlığına buraxılması barədə yenidən vəsatət qaldırıb. O, boğazında və onurğasında şiş aşkarlandığını bildirib və tibbi müayinə üçün azadlığa buraxılmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDI əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib.

İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun