Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Toplum TV”nin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsinə başlanılıb. İclasda “Toplum TV” əməkdaşları üçün keçirilmiş təlimlərdə iştirak etmiş şəxslər şahid qismində ifadə veriblər. Onlara ibtidai istintaq mərhələsində verdikləri ifadələr barədə suallar ünvanlanıb.
Bir neçə şahid istintaqa verdikləri ifadələrin təzyiq altında alındığını bildirib və həmin ifadələrdən imtina etdiklərini deyib. Şahidlərdən biri dindirilmə zamanı telefon şifrəsinin özündən zorla alındığını qeyd edib. Müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova bu səbəbdən həmin telefonun məzmunu ilə bağlı sualların verilməsinə etiraz edib.
Dindirilmə zamanı təqsirləndirilənlərdən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov hakimin şahidlərin ifadələrinə müdaxilə etdiyini və onların cavablarına təsir göstərməyə çalışdığını deyərək etirazını bildirib.
Şahidlərin birinin ifadəsi zamanı təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal söz alaraq şahidin prosesdə iştirak edənləri tanımadığını bildirib və əvəzində Prezident Administrasiyasının xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məhkəməyə dəvət olunmalı olduğunu deyib.
Hakim səbəbi soruşduqda, digər təqsirləndirilən şəxs – III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli xatırladıb ki, Hikmət Hacıyev COP29 çərçivəsindəki çıxışında “Toplum TV” əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin qaçaqmalçılıq yolu ilə Azərbaycan qanunlarını pozduğunu iddia edib.
Əli Zeynal və Ruslan İzzətli deyib ki, prezidentin köməkçisinin bu iddialara dair faktları varsa, məhkəməyə çağırılaraq izahat verməlidir. Qeyd edək ki, bundan əvvəlki proseslərin birində də Əli Zeynal H.Hacıyevin dindirilməsi ilə bağlı vəsatət qaldırmışdı.
Növbəti məhkəmə prosesi noyabrın 3-nə təyin olunub və şahidlərin dindirilməsi davam etdiriləcək.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər təqsirləndirilir. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu üzv Ruslan İzzətli, “Toplum TV” həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, IDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev var. Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
İlkin olaraq saxlanılan şəxslərə qarşı ittiham qaçaqmalçılıq maddəsi ilə irəli sürülmüşdü. Daha sonra ittihamların məzmunu ağırlaşdırılıb. Təqsirləndirilənlər ittihamları qəbul etmir və həbslərinin siyasi sifarişlə həyata keçirildiyini bildirirlər.