Vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 25-də Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar verilib.
O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanı qoruyan və ya pozulmanın qarşısını alan şəxsə qarşı zor tətbiqi) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham olunur.
Qəhrəmanov oktyabrın 23-də Gəncədə avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Vəkil ittihamları qəbul etmir.
Bundan əvvəl, oktyabrın 8-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Zabil Qəhrəmanovun fəaliyyətinin 6 ay müddətinə dayandırılması barədə qərar vermişdi. Kollegiya həmin iclasda intizam pozuntusuna görə iki vəkilin fəaliyyətinin dayandırıldığını, dörd vəkilə xəbərdarlıq, birinə isə töhmət verildiyini açıqlamışdı.
Zabil Qəhrəmanov bir sıra rezonans doğuran cinayət işlərində müdafiəçi kimi çıxış edib. O, Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən 11 yaşlı Nərmin Quliyevanın işi üzrə təqsirləndirilən İlkin Süleymanovun vəkili olub. Həmçinin qətldə ittiham edilərək 11 il həbs cəzası alıb, 4 ildən sonra bəraət qazanan Polad İsmayılovun müdafiəsini də həyata keçirib.
Qəhrəmanov eyni zamanda AXCP üzvləri Sahib Məmmədzadə, Şahin Hacıyev və digər siyasi fəalların hüquqlarını müdafiə edib.