Azərbaycan hökuməti il ərzində xaricdə yaşayan 24 tənqidçiyə qiyabi cinayət işi açıb

Azərbaycan hökuməti il ərzində xaricdə yaşayan 24 tənqidçiyə qiyabi cinayət işi açıb
27 Noyabr 2025
Mətni dəyiş

Azərbaycan hakimiyyətinin ölkə xaricində yaşayan tənqidçilərə qarşı qiyabi cinayət işlərindən istifadəsi sistemli təzyiq mexanizminin əsas alətlərindən birinə çevrilib. Bu barədə hüquq müdafiəçisi, “Azərbaycanda Repressiyalara Son” Kampaniyasının İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Rəhimlinin yeni analitik icmalında bildirilir.

Sənəddə göstərilir ki, hakimiyyət artıq təkcə ölkə daxilində jurnalistlərə, fəallara, alimlərə, vəkillərə və hüquq müdafiəçilərinə qarşı təzyiqləri artırmaqla kifayətlənmir, eyni praktika sürgündə yaşayan tənqidçi şəxslərə də şamil edilir. Qiyabi məhkəmə prosesləri, açıq çağırışlar, beynəlxalq axtarış və ekstradisiya mexanizmlərindən sui-istifadə sürgündəki tənqidçilərin fəaliyyətini məhdudlaşdırmaq və onları təhlükə altında saxlamaq məqsədi daşıyır.

Transmilli repressiya sistemi genişlənir

İcmalda Azərbaycanın transmilli repressiya tətbiq edən ölkələr sırasına daxil edildiyi vurğulanır. “Freedom House” və Avropa Şurası qurumlarının hesabatlarında Azərbaycanda əvvəl də jurnalistlərə qarşı qaçırılma və qeyri-qanuni geri qaytarma hallarının qeydə alındığı xatırladılır.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının tərifinə görə, transsərhəd repressiya xaricdə zorakılıq, ekstradisiya ilə təzyiq, rəqəmsal hücumlar və ölkədə qalan ailə üzvlərinə basqı kimi formaları əhatə edir. Rəhimlinin icmalı göstərir ki, Azərbaycan hakimiyyəti bu üsulların hamısından müxtəlif dərəcələrdə istifadə edir.

Qiyabi məhkəmə proseslərinə keçid

2025-ci ilin mart ayının ortalarından etibarən Baş Prokurorluq vətəndaş cəmiyyəti nümayəndələri, hüquq təşkilatları və tənqidi QHT-lər haqqında ard-arda cinayət işləri açmağa başlayıb. Bir qədər sonra bu praktika xaricdə yaşayan blogerlərə və ictimai fəallara da şamil edilib. Onlar əsasən sosial şəbəkələrdəki çıxışlar əsasında “qiyamçılığa çağırış” və “iğtişaşa təhrik” kimi ittihamlarla hədəfə alınıb.

Çağırışlar dövlət televiziyasında yayımlanıb, daha sonra hökumətyönlü media həmin şəxslərin qiyabi həbsinə və beynəlxalq axtarışa veriləcəyinə dair hədəfləri tirajlayıb. Nəticədə bir çoxu qiyabi məhkəmə qərarları ilə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

İcmalda xaricdə yaşayan tənqidçilərə göndərilən çağırışların iki dalğa üzrə həyata keçirildiyi qeyd olunur:

·       Mart–Aprel 2025: 13 nəfər
·       Noyabr 2025: 10 nəfər
·       Avqust 2025-də əlavə bir iş

Beləliklə, indiyədək ümumilikdə 24 jurnalist, fəal, blogger, hüquqşünas, alim və vətəndaş cəmiyyəti nümayəndəsi barəsində qiyabi cinayət işi açılıb.

Sürgündə olanlar üçün risklər artır

Bu cür qərarlar sürgündə yaşayan şəxslərin yerləşdikləri ölkələrdə və səyahət zamanı real risklərlə üzləşməsinə səbəb olur. Siyasi motivli axtarışlar rədd edilsə belə, sistemdə bu barədə qeydiyyatın mövcudluğu həmin şəxslərin saxlanılması, sorğu-sual edilməsi və hərəkət azadlığının məhdudlaşdırılması ilə nəticələnə bilər.

Hakimiyyətin bu siyasəti həm də Azərbaycanda qalan ailə üzvlərinə təzyiq göstərərək siyasi fəaliyyəti zəiflətməyi hədəfləyir.

Bu sistem planlı represiya strategiyasıdır

Rəhimlinin analizi göstərir ki, qiyabi məhkəmələr təsadüfi deyil. Bu, dövlətin daxili repressiyanı xaricə daşımaq üçün məqsədli şəkildə formalaşdırdığı strategiyadır. Bu strategiya hüquqi mexanizmlərdən sui-istifadə, ekstradisiya kanallarını manipulyasiya etmə və beynəlxalq polis sistemlərini siyasi məqsədlərə uyğun yönləndirməni əhatə edir.

İcmal host-ölkələri və beynəlxalq təşkilatları Azərbaycan hakimiyyətinin bu addımlarını transmilli repressiya kimi tanımağa və zəruri müdafiə mexanizmləri yaratmağa çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun