“Human Rights Watch”: Azərbaycan hakimiyyəti xaricdəki tənqidçilərinə qarşı təzyiqləri artırır

“Human Rights Watch”: Azərbaycan hakimiyyəti xaricdəki tənqidçilərinə qarşı təzyiqləri artırır
27 Noyabr 2025
Mətni dəyiş

“Human Rights Watch” insan haqları təşkilatı Azərbaycan hökumətini ölkə daxilində və xaricdə repressiyanı dayandırmağa çağırıb.

Noyabrın 26-da təşkilatın bununla bağlı yayımlanan bəyanatında deyilib ki, Azərbaycan hakimiyyəti ölkə xaricində yaşayan jurnalistlərə, fəallara və analitiklərə qarşı təzyiq kampaniyasını genişləndirir. 

Təşkilat sürgündə olan bir sıra tanınmış şəxslərə qarşı siyasi motivli ittihamlarla axtarış elan edilməsini və məhkəməyə çağırış göndərilməsini təzyiqlərin növbəti mərhələsi kimi qiymətləndirib. Bildirilib ki, bu addımlar hökumətin illərdir tənqidçi səsləri susdurmaq və ifadə azadlığını məhdudlaşdırmaq siyasətinə uyğun gəlir.

Noyabrın əvvəlində Baş Prokurorluq Binəqədi Rayon Məhkəməsinin xaricdə yaşayan bir neçə şəxslə bağlı qiyabi həbs qərarı verdiyini açıqlayıb. Hədəfdə olanlar arasında jurnalistlər Sevinc Osmanqızı, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Qənimət Zahid və jurnalist Beydulla Manafov, bloger Abid Qafarov, tarixçi Altay Göyüşov, siyasi analitik Ərəstun Oruclu və “Victor Alexander” YouTube kanalının təsisçisi Vaqif Allahverdiyev var.

Osmanqızı, Qafarov, Oruclu, Allahverdiyev və Göyüşov barəsində Cinayət Məcəlləsinin 220.2-ci (“kütləvi iğtişaşlara çağırış”) və 281.2-ci (“dövlət əleyhinə çağırışlar”) maddələri ilə cinayət işi açılıb. Manafova isə eyni “dövlət əleyhinə çağırışlar” ittihamı ilə yanaşı, 283.1-ci maddə ilə - “milli, irqi, sosial və ya dini nifrətin salınması” iddiası irəli sürülüb.

Qurumun Avropa və Orta Asiya bölümünün direktor müavini Giorgi Qogiya qeyd edib ki, istintaqın hansı faktlar əsasında başladığı bəlli deyil, lakin adı çəkilən şəxslərin hamısının Azərbaycan hakimiyyətinin insan haqları sahəsindəki pozuntularını açıq şəkildə tənqid edən və bunu sosial şəbəkələrdə mütəmadi ifadə edən şəxslər olduğu məlumdur.

“Bu hallar hakimiyyətin uzun illərdir tənqidçilərə qarşı cinayət təqibi mexanizmlərindən sui-istifadə etməsi praktikasını yenidən gündəmə gətirir. “Human Rights Watch” təşkilatı bu tendensiyanı illər ərzində dəfələrlə sənədləşdirib” – deyə Qogiya bildirib.

Təşkilatın vurğulayıb ki, 2023-cü ilin noyabrından bəri onlarla jurnalist, hüquq müdafiəçisi, siyasi fəal və akademik “qeyri-qanuni sahibkarlıq”, “çirkli pulların yuyulması”, “vergi yayınması” və “sənəd saxtakarlığı” kimi əsassız ittihamlarla həbs edilib. Xaricdə yaşayan azərbaycanlılara qarşı son təzyiq dalğası isə 2025-ci ilin martında bir neçə sürgün bloggerinə qarşı başlanmış cinayət işlərinin ardınca güclənib. 

“Human Rights Watch” bildirib ki, Azərbaycan hakimiyyəti təcili olaraq bütün siyasi motivli ittihamları ləğv etməli, ölkə daxilində və xaricdə müstəqil səslərə qarşı davam edən təqiblərə son qoymalı, ifadə və birləşmək azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməlidir.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Azərbaycanda 392 nəfər siyasi məhbus kimi tanınır. Hökumət isə bir qayda olaraq tənqidləri rədd edir, həbslərin siyasi motivli olmadığını deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun