Kipr məhkəməsi azərbaycanlını 6 il yarım azadlıqdan məhrum edib

Kipr məhkəməsi azərbaycanlını 6 il yarım azadlıqdan məhrum edib
26 Noyabr 2025
Mətni dəyiş

Kipr Cinayət Məhkəməsi azərbaycanlı Orxan Əsədovu cinayət törətmək məqsədilə əvvəlcədən əlbir olma və silah saxlama ittihamları üzrə 6 il yarım həbs cəzasına məhkum edib.

Prokurorluq bundan əvvəl Əsədovun İsrail vətəndaşlarını hədəf aldığı iddiası ilə irəli sürülmüş terror ittihamlarını geri götürüb.

Cəza noyabrın 21-də elan olunub. Məhkəmə hökm çıxararkən onun həbsdə keçirdiyi müddəti də nəzərə alıb.

Əsədovun vəkili Kostis Efstathiou “Reuters”ə bildirib ki, uzun müddət qapalı keçirilən proses zamanı prokurorluq İsrail vətəndaşlarının hədəf alınmasına dair ittihamları rədd edib:

“Biz məhkəməni inandıra bildik ki, etnik mənsubiyyətin bu işlə heç bir əlaqəsi yoxdur. Bu işin terrorla bağlılığı da yoxdur”.

Orxan Əsədov ilk dəfə 2021-ci ilin sonlarında saxlanılıb. O zaman onun üzərində tapança, güllələr və səsboğucu aşkarlanıb. Yerli mediada Əsədovun Rusiya pasportu daşıyan azərbaycanlı olduğu, Şimali Kiprlə hökumət nəzarətindəki bölgəni birləşdirən keçid məntəqəsindən avtomobillə keçdikdən sonra Nikosiyada tutulduğu bildirilib.

Hadisədən az sonra İsrailin o dövrdəki xarici işlər naziri Yair Lapid ölkəsinin xüsusi xidmət orqanlarının saxlanmada rol oynadığına işarə edib:

“Təhlükəsizlik təhdidləri var. Shin Bet, Mossad və digər qurumlar bu məsələlərin öhdəsindən gəlməyi yaxşı bilirlər”.

Həmin dövrdə baş nazir Naftali Bennettin sözçüsü Matan Sidi isə iddia edib ki, “bu, İranda yönləndirilən və Kiprdə yaşayan israilli iş adamlarına qarşı planlaşdırılan terror hücumu olub”.

İranın Kiprdəki səfirliyi “Reuters”ə açıqlamasında bu iddiaları rədd edərək bildirib:

“Bu rejim (İsrail) daim İrana qarşı belə əsassız ittihamlar irəli sürür”.

“Reuters”in əldə etdiyi məlumatlara görə, Əsədova qarşı irəli sürülən rəsmi ittihamlarda İranla hər hansı əlaqə göstərilməyib.

İsrailin Qəzzadakı müharibəsi səbəbilə dünya üzrə yəhudi icmalarına qarşı hücumların artdığı qeyd olunur. “Anti-Defamation League”in məlumatına əsasən, 2023-cü ildə ABŞ-də antisemitizm hadisələri əvvəlki illə müqayisədə 140 faiz artıb.

Bu ilin oktyabrında Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinləri Konfransı “təhlükəsizliklə bağlı narahatlıqlar” səbəbilə ləğv edilib. Təşkilatçılar həmin narahatlığın konkret hansı səbəbdən qaynaqlandığını açıqlamayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun