Aİ Ermənistana sülh və dayanıqlılıq üçün 15 milyon avro ayırır

Aİ Ermənistana sülh və dayanıqlılıq üçün 15 milyon avro ayırır Foto: Ermənistan XİN
3 Dekabr 2025
Mətni dəyiş

Ermənistan və Avropa İttifaqı (Aİ) yeni strateji gündəlik qəbul edib və bu sənədlə tərəfdaşlıqlarını strateji səviyyəyə qaldırıb.

Aİ eyni zamanda “sülhün qorunması və daha dayanıqlı Ermənistan” üçün 15 milyon avroluq maliyyə ayırdığını açıqlayıb.

Qərar Brüsseldə Ermənistan və Aİ arasında keçirilən altıncı Tərəfdaşlıq Şurasının yekununda elan edilib. Toplantıda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Aİ-nin yüksək rəsmisi Kaya Kallas və Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos iştirak ediblər.

Mətbuat üçün bəyanatında Kaya Kallas bildirib ki, Ermənistan–Aİ əməkdaşlığı ilbəil möhkəmlənir:

“Ermənistan və Aİ arasında əməkdaşlıq illər keçdikcə daha da yaxşılaşır”, - deyə o vurğulayıb.

Kallas yeni strateji gündəliyi “birlikdə daha çox sahədə işləmək üçün ortaq ambisiya” adlandırıb. Bu sahələrə Ermənistanın islahatları, ölkə iqtisadiyyatının “şaxələndirilməsi və modernləşdirilməsi”, viza liberallaşdırılması və təhlükəsizlik məsələləri daxildir.

Onun sözlərinə görə, ayrılan 15 milyon avro “minalardan təmizləmə üzrə təlimlər və avadanlıq, eləcə də regionda etimadın möhkəmləndirilməsi tədbirləri”ni maliyyələşdirəcək. Vəsaitin bir hissəsi sərhəd idarəçiliyi və dezinformasiya ilə mübarizəyə də yönəldiləcək.

Kaya Kallas qeyd edib ki, Aİ 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində “Rusiya və onun proksi şəbəkələri”nin apardığı dezinformasiya kampaniyalarını müşahidə edir:

“Bu, Moldovada gördüyümüz eyni şəbəkələrdir”, - deyə o bildirib.

“Aİ-nin maliyyə vəsaiti xarici müdaxilənin aşkar edilməsi, təhlili və ona cavab verilməsini də əhatə edəcək. Açıq deyək: siz bu çağırışlarla tək başına qarşılaşmırsınız. Biz fəal dəstək vermək üçün buradayıq”, - Kallas əlavə edib.

Aİ rəsmisi həmçinin Ermənistan-Azərbaycan sülh prosesinə İttifaqın tam dəstəyini ifadə edib.

Öz növbəsində Ararat Mirzoyan bildirib ki, yeni gündəliyin imzalanması ilə tərəflər əməkdaşlığı strateji səviyyəyə qaldırır və “tamamilə yeni bir gündəlik” açırlar:

“Bu, bizim ambisiyamızın sonu deyil”, – nazir mart ayında Ermənistanın Aİ-yə üzvlük proseslərinin başlanmasına dair qəbul etdiyi qanuna istinad edərək deyib.

Mirzoyan əlavə edib:

“Bugünkü görüşün mesajı aydındır - Ermənistan-Aİ tərəfdaşlığı ortaq vizyon və ortaq məsuliyyət əsasında daha iddialı mərhələyə keçir və vətəndaşlarımız üçün real nəticələr verməyə davam etməlidir”.

Marta Kos isə bildirib ki, Ermənistan, Azərbaycan, Türkiyə və Aİ-dən ibarət xüsusi dördtərəfli işçi qrupun yaradılması ilə bağlı müzakirələr gedir. Bu işçi qrup regionda əlaqəlilik və kommunikasiya üçün yeni infrastrukturun qurulmasına yönələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun