Avropa Parlamenti Azərbaycanda siyasi məhbuslar probleminin kəskinləşməsinə və akademiklərin həbsinə dair qətnamə qəbul edib.
Dekabrın 18-də qəbul edilən sənəddə 2025-ci ilin əvvəlindən etibarən siyasi motivli ittihamlarla saxlanılanların sayının sürətlə artaraq təxminən 400 nəfərə çatdığı bildirilir.
Qətnamədə qeyd olunur ki, Azərbaycanda əsassız saxlanılanlar sırasında ictimai fəallar, müxalifət liderləri, jurnalistlər, eləcə də son dövrlərdə akademiklər və ölkədən kənarda yaşayan tənqidçilər də var. Avropa Parlamenti bu artımı siyasi motivli həbslərin genişlənməsi kimi qiymətləndirir və hakimiyyəti ümumi repressiya mühitinə son qoymağa çağırır.
Sənəddə iki akademikin işi ayrıca vurğulanır. Praqada Karl Universitetində doktorantura təhsili alan Bəhruz Səmədovun və “Talış Milli Akademiyası Xəbərləri” nəşrinin baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilovun saxta ittihamlarla saxlanıldığı, müvafiq olaraq 15 və 18 il həbs cəzası aldığı bildirilir. Qətnamədə qeyd edilir ki, Əbilovun işi üzrə əsas sübut kimi onun Ermənistandan olan bir akademiklə yazışmaları göstərilib, həmkarları isə bunu etnoqrafik araşdırmalarla bağlı legitim elmi əməkdaşlıq sayır. Bəhruz Səmədovun işində isə ictimaiyyətə inandırıcı sübut təqdim edilmədiyi vurğulanır.
Avropa Parlamenti hər iki məhkəmə prosesinin qapalı keçirildiyini, müstəqil müşahidəçilərin buraxılmadığını və bunun ədalətli məhkəmə araşdırması hüququna, lazımi hüquqi prosedura və təqsirsizlik prezumpsiyasına ciddi zərbə vurduğunu qeyd edir. Qurum çıxarılan hökmlərin ağırlığını da xüsusi olaraq qabardır.
Qətnamədə xatırladılır ki, BMT-nin insan hüquqları üzrə ekspertləri hər iki tədqiqatçının dərhal azad olunmasına çağırıb və məhkəmə araşdırmalarının beynəlxalq ədalətli məhkəmə standartlarına uyğunluğu ilə bağlı ciddi narahatlıq ifadə ediblər.
Avropa Parlamenti, həmçinin dekabrın 1-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “çevriliş” ittihamı ilə həbs edildiyini bildirir, bu həbsi kəskin şəkildə pisləyir və onun dərhal azad olunmasına çağırır. Qurum bunu Azərbaycanda avtoritar idarəçilik praktikalarının möhkəmlənməsi fonunda baş verən hadisə kimi dəyərləndirir.
Qətnamədə Azərbaycan hökumətindən Bəhruz Səmədov və İqbal Əbilovun dərhal və qeyd-şərtsiz azad edilməsi, onlara qarşı bütün cinayət ittihamlarının ləğv olunması tələb edilir. Avropa Parlamenti daha geniş çərçivədə tənqidçilərə, jurnalistlərə, ictimai fəallara, müxalifət liderlərinə və akademiklərə qarşı təqib və təzyiqlərin dayandırılmasını, eləcə də bütün siyasi məhbusların azad edilməsini istəyir.
Sənəddə Avropa İttifaqının Qlobal İnsan Hüquqları Sanksiya Rejimi çərçivəsində məsul hesab edilən rəsmilərlə bağlı müvafiq addımların nəzərdən keçirilə biləcəyi də vurğulanır. Avropa Parlamenti əlavə edir ki, Azərbaycanla gələcək istənilən tərəfdaşlıq razılaşması hüququn aliliyi və insan hüquqları sahəsində real irəliləyişlərlə, o cümlədən siyasi məhbusların azad edilməsi ilə uzlaşdırılmalıdır.
Qətnamədə Avropa Parlamentinin sədrinə sənədi Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, Aİ-nin xarici siyasət rəhbərliyinə, üzv dövlətlərə, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Hökuməti və Milli Məclisinə göndərmək tapşırığı verildiyi qeyd olunur.
Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, Azərbaycanda hazırda 400-ə qədər siyasi məhbus var. Azərbaycan hökuməti isə bir qayda olaraq ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, yalnız cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduqlarını bildirir.