Belarus 123 siyasi məhbusu azad edib, azad olunanlar Ukrayna və ABŞ-yə təşəkkür bildirib

Belarus 123 siyasi məhbusu azad edib, azad olunanlar Ukrayna və ABŞ-yə təşəkkür bildirib
15 Dekabr 2025
Mətni dəyiş

Belarus hakimiyyəti ABŞ-nin xüsusi nümayəndəsi Con Koul ilə aparılan danışıqlardan sonra 123 siyasi məhbusun azad edildiyini açıqlayıb. 

Onlar arasında 2020-ci il Belarus etirazlarının liderlərindən biri olan Mariya Kolesnikova, həmin il Belarus prezidentliyinə namizədliyini irəli sürməyi planlaşdıran Viktor Babariko, "TUT.BY" nəşrinin baş redaktoru Marina Zolotova və "Vesna" insan haqları mərkəzinin sədri, 2022-ci il Nobel Sülh mükafatı laureatı Ales Belyatskiy də var.

Lukaşenko administrasiyası bunun “ABŞ prezidenti ilə əldə olunmuş razılaşmalar və onun xahişi” çərçivəsində, “Belaruskaliy” şirkətinə tətbiq edilən Amerika sanksiyalarının ləğvi ilə bağlı həyata keçirildiyini bildirib.

Məlumata görə, azad edilənlərin böyük əksəriyyəti - 114 nəfər Ukraynaya aparılıb. Daha 9 nəfər, o cümlədən Nobel mükafatı laureatı Ales Belyatskiy Litvaya təhvil verilib.

Azadlıqdan sonra Belarus siyasi məhbuslarının ilk mətbuat konfransı dekabrın 14-də Ukraynada keçirilib. Təhlükəsizlik səbəbilə tədbirin yeri açıqlanmayıb, konfransa yalnız dəvətnamə ilə buraxılış olub. Tədbirdə Mariya Kolesnikova, Viktor Babariko, Aleksandr Feduta və Vladimir Labkoviç iştirak ediblər.

Kolesnikova siyasi məhbusların azad edilməsində iştiraka görə ABŞ prezidenti Donald Trampa və Ukrayna prezidenti Volodimir Zelenskiyə, eləcə də Ukrayna xalqına qonaqpərvərlik üçün təşəkkür edib. O, müharibə şəraitində bu cür dəstəyin “son dərəcə çətin” olduğunu vurğulayıb. Kolesnikova, həmçinin, azadlığa buraxılma qərarına görə Belarus lideri Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib və prosesin davam edəcəyinə ümid etdiyini deyib.

Azad edilənlər hazırda əllərində azadlığa buraxılma haqqında arayışdan başqa sənəd olmadığını söyləyiblər. Onlar Ukraynaya gətirilmələrinə təəccübləndiklərini də qeyd ediblər. Rusiya-Ukrayna müharibəsi barədə danışan iştirakçıların hamısı müharibəni pisləyib və onun dayandırılmasına çağırıblar.

Zelenski həmin gün jurnalistlərə açıqlamasında azad edilənlərin əksəriyyətinin əvvəlki hallardan fərqli olaraq niyə məhz Ukraynaya göndərildiyini izah edib. Onun sözlərinə görə, proses ərəfəsində Minsk və Kiyev kəşfiyyat səviyyəsində təmas saxlayıb. Zelenski bildirib ki, Ukrayna Müdafiə Kəşfiyyatı İdarəsinin (GUR) rəhbəri Kirill Budanov ona belarus tərəfinin siyasi məhbusları Avropa İttifaqı ölkələrindən keçirmədən, Ukrayna vasitəsilə təhvil verməyə hazır olduğunu çatdırıb. Zelenski də bunu dəstəklədiyini deyib.

Ukrayna prezidenti əlavə edib ki, azad edilənlər arasında beş Ukrayna vətəndaşı da olub: “Həm öz vətəndaşlarımızı, həm də belarus siyasi məhbuslarını götürmək lazımdır. Qərarlarımızı bu cür veririk”, - Zelenski deyib.

“Reuters” agentliyinə şərhində Con Koul yaxın aylarda Belarus hakimiyyətinin daha min nəfərə yaxın şəxsi azad edə biləcəyini bildirib. Onun sözlərinə görə, söhbət “böyük bir qrupdan” gedir.

Koulun Minskə əvvəlki səfərindən (sentyabr 2025) sonra Belarusda 52 siyasi məhbus azad edilib. Azad olunanlar arasında Sergey Tixanovski və “Azadlıq Radiosu”nun Belarus xidmətinin jurnalisti İqor Losik də var idi. Həmin siyahıda Litva, Latviya, Polşa, Almaniya, Fransa və Böyük Britaniyadan olmaqla, casusluq ittihamı ilə məhkum edilmiş 14 xarici vətəndaşın da yer aldığı bildirilirdi.

Bundan sonra ABŞ Maliyyə Nazirliyi Belarusun dövlət aviaşirkəti “Belavia”nı və yüksək rütbəli belarus rəsmilərinin, o cümlədən Lukaşenko ailəsinin istifadə etdiyi “Bombardier Challenger 850” biznes-jetini sanksiya siyahısından çıxarmışdı. ABŞ sanksiyaları 2021-ci ilin dekabrında Belarusda etiraz aksiyalarından sonra başlanan genişmiqyaslı repressiyalar fonunda tətbiq etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun