Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verib. Bu barədə o, sosial şəbəkədə paylaşdığı statusda məlumat yayıb.
Cəmil Həsənli deyib ki, DTX-də Ramiz Mehdiyevin işi ilə bağlı dindirilib.
“İzah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb. Daha sonra Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, maliyyələşmə də olsun?”
Dindirilmənin 3 saat davam etdiyini bildirən Həsənli hökumətyönlü mediada yayılan “ölkədən qaçmaq”, “tutularaq saxlanılmaq” kimi iddiaları təkzib edib:
“Bəzi avara-avara saytlar yazıblar ki, guya mən ölkədən qaçırmışam, məni tutub saxlayıblar. Biz 23 gün əvvəl – noyabrın 7-də Dubaya bilet almışıq. Bu gün getməli idik. Biz dağ yolları, meşə əraziləri ilə ölkədən qaçmaq istəməmişik ki”.
Cəmil Həsənli vurğulayıb ki, özünü və ailəsini ölkədən qaçmağa məcbur hesab etmir:
“Bu vətən bizimdir. Bu ölkə Raufların, Mirşahinlərin, Ərudların və onlar kimilərin ölkəsi deyil. Biz öz ölkəmizdən hara qaçırıq? Bizim göbəyimiz bu ölkəyə kəsilib və arxayın olsunlar, heç hara gedəsi deyilik”.
O, həmçinin xatırladıb ki, illər əvvəl də onun haqqında “seçkidən sonra xaricdən sığınacaq alacağı” barədə şayiələr yayılıb, lakin bunların heç biri doğru çıxmayıb:
“2013-cü ilin prezident seçkiləri zamanı deyirdilər ki, mən sərt danışıram ki, sonra xarici ölkədən sığınacaq alım. Üzərindən 12 il keçib, heç hara da getməmişəm”.
Milli Şuranın sədri sərhəd-keçid məntəqəsində ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrəndiyini bildirib:
“Getmişik aeroporta. Sərhəd xidməti çox nəzakətlə deyib ki, Cəmil müəllim sizin ölkədən çıxınızı məhdudlaşdırıblar. Mən də təşəkkür edib Fatma xanımı yola salmışam və pasportumu alıb geri dönmüşəm. Bu stopu qoyanlara da təşəkkür eləmişəm ki, indiki anda mənim ölkədən getməyim doğru olmazdı. Nəvələr çox istəyirdi mən gəlim, indi bu stop getməmək üçün əsaslı bir dəlil oldu. Ölkənin təhlükəsizliyi, sərhəd, gömrük, polis xidməti olan bir yerdən necə qaçmaq olar”.