Ədliyyə Nazirliyi AXCP üzvü Elbəyi Kərimlinin ölümünün araşdırıldığını bildirir

Ədliyyə Nazirliyi AXCP üzvü Elbəyi Kərimlinin ölümünün araşdırıldığını bildirir
15 Dekabr 2025
Mətni dəyiş

Ədliyyə Nazirliyi həbsdə intihar etdiyi bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin ölümü ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, 22 yaşlı Elbəyi Kərimlinin ölümü faktı ilə əlaqədar Xəzər rayon Prokurorluğunda araşdırma başlanıb.

22 yaşlı Elbəyi Kərimli dekabrın 12-də saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində ölüb. Cəzaçəkmə müəssisəsi də hadisənin həmin tarixdə baş verdiyini təsdiqləyib.

AXCP isə bildirib ki, Elbəyi Kərimli həbsxananın tibbi məntəqəsində özünə qəsd edib. Partiya intiharın səbəbləri barədə əlavə məlumat açıqlamayıb.

Sosial şəbəkələrdə onun sui-qəsdə uğraması istisna edilməyib. Yaxınları onun dekabrın 14-də səssiz şəkildə dəfn edildiyi bildirib.

Bu ilin iyulunda Elbəyi Kərimlinin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) cəza çəkərkən cərimə kamerasına (karser) salındığı barədə məlumat yayılmışdı. İyulun 13-də “Azadlıq” qəzetinin saytında dərc olunan yazıda iddia edilirdi ki, o, Penitensiar Xidmətdən müəssisəyə gələn nümayəndələrin qarşısında tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib və bundan sonra döyülərək karserə salınıb. Həmin məlumatda karserə nə vaxt və nə qədər müddətə yerləşdirildiyi göstərilmirdi.
Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Elbəyi Kərimlinin 2023-cü ilin avqustunda keçmiş prezident Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra saxlanıldığı bildirilir. AXCP-nin açıqlamasına görə, partiya iki ay müddətində onun taleyi barədə məlumat ala bilməyib. Oktyabrın 25-də isə Elbəyi Kərimlinin narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edildiyi məlum olub.

Elbəyi Kərimli ittihamları qəbul etməyib və heykələ yazdığına görə şərlənərək həbs olunduğunu bildirib. AXCP də narkotik ittihamını rədd edib və iddia edib ki, o, heykəli yazıb video çəkən zaman saxlanılıb, daha sonra haqqında narkotik ittihamı irəli sürülüb.

2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Elbəyi Kərimliyə satış məqsədilə külli miqdarda narkotik saxlama maddəsi ilə 6 il həbs cəzası verib. Sonradan Ali Məhkəmə hökmün “satış məqsədi” hissəsini çıxararaq cəzanı 5 ilə endirib.

Rəsmi qurumlar ölüm hadisəsinin detalları ilə bağlı hələlik əlavə açıqlama verməyiblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun