Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli Türkiyədən deportasiya olunmasına qərar verildiyini bildirib. O, sosial şəbəkə hesabında yazıb ki, dekabrın 15-də ona 5 il müddətinə Türkiyədən deportasiya ilə bağlı rəsmi qərar təqdim edilib.
Hacıbəyli qərarı “ədalətsizlik” adlandıraraq, Türkiyədə 2 illik oturum izni olmasına və “heç bir qayda pozuntusuna yol verməməsinə” baxmayaraq, belə qərarın verildiyini vurğulayıb:
“Bu gün mənə 5 il müddətinə Türkiyədən deport olunmağımla bağlı rəsmi qərar təqdim olundu. Türkiyədə 2 illik oturum iznim olmasına və bu günə qədər heç bir qayda pozuntusuna yol verməməyimə baxmayaraq, barəmdə belə bir qərarın verilməsi mənə qarşı ədalətsizlikdir. Bu qərarın hansı əsasla verildiyi isə açıqlanmır”.
Hacıbəyli yazıb ki, noyabrın 29-dan Türkiyədə “xüsusi sərt nəzarət altında” deportasiya mərkəzində saxlanılması ilə bağlı məhkəməyə müraciət edib. Onun sözlərinə görə, məhkəmə qərarı gözlənilmədən deportasiya qərarının verilməsi siyasi motiv ehtimalını artırır:
“Mən heç bir hüquqi əsas olmadan noyabr ayının 29-dan Türkiyədə xüsusi sərt nəzarət altında deportasiya mərkəzində saxlanılmağımla bağlı məhkəməyə müraciət etmişəm. Məhkəmə qərarı gözləmədən 5 il müddətinə deportasiya olunmağımla bağlı belə bir tələsik qərar qəbul edilməsi bu qərarın hüquqi deyil, siyasi əsaslarla verildiyini göstərir”.
Sabiq deputat bildirib ki, üç gün əvvəl saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə köçürülüb və bu dəyişiklik onda yaxın zamanda məcburi deportasiya ediləcəyi təəssüratı yaradıb:
“3 gün öncə saxlanıldığım Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə gətirilmişəm. Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.
Hacıbəyli müraciətində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana birbaşa səslənərək Türkiyənin bu addımı atacağına inanmaq istəmədiyini yazıb və bunun “tarixi məsuliyyət” doğuracağını bildirib:
“Cənab prezident Rəcəb Tayyib Ərdoğan mən hələ də inana bilmirəm ki, qardaş Türkiyə dövləti hüquq və ədaləti ayaq altına alaraq məni məcburi qaydada Azərbaycana həbsə göndərəcək. Heç bir halda qardaş Türkiyə dövləti Azərbaycan hakimiyyətinin öz siyasi rəqiblərini uydurma, saxta ittihamlarla həbs etməsinə dəstək verməməli, bu yöndə atacağı addımların tarixi məsuliyyətini nəzərə almalıdır”.
O, çıxışında Ərdoğanın tez-tez xatırlatdığını dediyi “Boraltan faciəsi”nə də istinad edib:
“Cənab Rəcəb Tayyib Ərdoğan, siz öz çıxışlarınızda vaxtaşırı Boraltan faciəsini xatırladaraq bu tarixi səhvi edənlərin məsuliyyətini gündəmə gətirirsiniz. İndi də, buna bənzər səhvə Türkiyə hakimiyyəti tərəfindən yol verilməməlidir”.
Hacıbəyli əlavə edir ki, Türkiyənin bu qərarı Azərbaycan cəmiyyətində məyusluq yarada bilər:
“Azərbaycan xalqının gözlənti və rəyini bir kənara qoyub, yalnız Bakıdan gələn sifarişi əsas götürərək mənim məcburi qaydada Azərbaycana həbsə göndərilməyim, cəmiyyətimizdə Türkiyəyə qarşı dərin bir məyusluq hissinin yaranmasına səbəb olar”.
Məsələ ilə bağlı Türkiyə tərəfi rəsmi açıqlama verməyib.
Gültəkin Hacıbəyli noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb, daha sonra deportasiya mərkəzinə köçürülüb.
Hökumətyönlü media isə hadisənin AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verdiyini yazıb. Həmin xəbərlərdə həbslərin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqələndirildiyi də iddia olunub.