Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin İstanbulda saxlanılması və barəsində tətbiq olunan G-82 məhdudiyyət kodu Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarılıb.
Gültəkin Hacıbəyli noyabrın 29-da Türkiyədə kirayə yaşadığı evinə gələn dörd polis əməkdaşının onu heç bir hüquqi əsas göstərmədən İstanbuldakı Arnavutköy Deportasiya Mərkəzinə apardığını bildirib.
O, “Facebook”da etdiyi paylaşımında qeyd edib ki, barəsində Türkiyə qanunvericiliyində xarici terrorçular üçün nəzərdə tutulan G-82 maddəsi tətbiq olunur və məqsəd onu Azərbaycana deportasiya etməkdir:
Məsələ ilə bağlı DEM Partiyasının Kocaeli millət vəkili Ömər Faruk Gergerlioğlu Daxili İşlər naziri Ali Yerlikayaya geniş yazılı sorğu ünvanlayıb.
Sorğuda Gültəkin Hacıbəyli haqqında tətbiq olunan G-82 məhdudiyyət kodunun hansı kəşfiyyat və ya informasiya məlumatlarına əsaslandığı, Azərbaycan hakimiyyətindən rəsmi müraciət və ya bildirişin olub-olmadığı, fərdi risk qiymətləndirilməsinin aparılıb-aparılmadığı və inzibati nəzarət qərarının hüquqi əsaslarının nədən ibarət olduğu sual edilir.
Gergerlioğlu həmçinin G-82 kodunun hansı tarixdə və hansı qurumun qiymətləndirməsi əsasında tətbiq edilməsi, bu kodun rəsmiləşdirilməsi zamanı Nazirliyə təqdim olunan məlumatın mənbəyi, Hacıbəylinin Türkiyədə olduğu müddətdə hər hansı cinayət işi, axtarış qərarı və ya ictimai asayişə dair konkret hadisə ilə bağlı prosedurun mövcudluğu, onun etibarlı yaşayış icazəsi və qanuni qalma müddətinin olub-olmaması, “Türkiyəni tərk etməyə dəvət” prosedurunun işə salınıb-salınmaması, inzibati nəzarət qərarını hansı orqanın və hansı əsaslarla verməsi, qərarın özünə və ya vəkilinə nə vaxt təqdim olunması, vəkilə çıxış, ailə ilə əlaqə, tərcüməçi və tibbi xidmət hüquqlarının təminatı, Azərbaycana göndəriləcəyi halda siyasi motivli həbs və pis rəftar riski iddiaları fonunda “geri göndərməmə” prinsipi və YUKK-un 55-ci maddəsi üzrə fərdi risk qiymətləndirilməsinin aparılması, 2023–2025-ci illərdə Azərbaycan vətəndaşları barəsində G-82 kodu ilə verilən deportasiya və inzibati nəzarət qərarlarının sayı ilə bağlı rəsmi izahat istəyib.
Mətndə qeyd olunub ki, polis əməkdaşları Hacıbəylini qaldığı ünvandan götürülərək G-82 kodu əsasında inzibati nəzarətə alınıb. Azərbaycanın rəsmi qurumlarının onun barəsində irəli sürülən “dövlət çevrilişi cəhdinə dəstək vermək” ittihamına əsasən Türkiyəyə müraciət etdiyi iddia olunur. Bu iddialar deputat sorğusunun əsas mövzuları sırasındadır.
Gültəkin Hacıbəyli isə vəkili vasitəsilə açıqlamasında saxlanmanın hüquqi əsasının olmadığını bildirib. O, sentyabrın 25-də Türkiyəyə daxil olduğunu, üç aylıq qanuni qalma müddətinin bitmədiyini və iki illik yaşayış icazəsinin olduğunu vurğulayıb.
Hacıbəyli Azərbaycanın müxalifətinə qarşı təzyiqlər fonunda deportasiya olunacağı təqdirdə siyasi səbəblərlə həbs ediləcəyini deyib:
“Türkiyədən Azərbaycana göndəriləcəyim təqdirdə siyasi səbəblərlə həbs ediləcəyəm. Bu qərar Azərbaycan müxalifətinə yönələn təzyiqlərin dəstəklənməsi anlamına gəlir”.
Gültəkin Hacıbəyli noyabrın 30-na keçən gecə İstanbulda kirayə yaşadığı evdən Taksim Polis Şöbəsinə aparılıb və daha sonra deportasiya mərkəzinə köçürülüb.
Hökumətyönlü medianın yazdığına görə, bu hadisə AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbsi ilə bağlı aparılan istintaq fonunda baş verib. Həbslər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqələndirilib.
Dekabrın 1-də Səbail Rayon Məhkəməsi Əli Kərimli və Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyəti zorla ələ keçirməyə və dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ilə 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.