Həbsinə etiraz olaraq aclıq aksiyasını davam etdirən inanclı qadının vəziyyətinin ağırlaşdığı deyilir

Həbsinə etiraz olaraq aclıq aksiyasını davam etdirən inanclı qadının vəziyyətinin ağırlaşdığı deyilir
1 Dekabr 2025
Mətni dəyiş

Həbsi noyabrın 9-da daha iki ay uzadılan inanclı qadınlardan biri Nigar Bağırovanın bu qərara etiraz olaraq başladığı aclıq aksiyasını hələ də davam etdirdiyi bildirilir.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, aclıq aksiyası keçirən Nigar Bağırovanın səhhətində ciddi problemlər yaranıb. Onun sürətlə çəki itirdiyi, gözlərinin ətrafında tünd həlqəvari ləkələrin əmələ gəldiyi deyilir.

Məlumatda qeyd olunur ki, Bağırova başgicəllənmə, ürək zəifliyi, döş qəfəsində ağırlıq hissi, ümumi halsızlıq, ürək döyüntülərinin artması, nəfəs darlığı, ürəkbulanma və mədə ağrılarından əziyyət çəkir.

İnanclı qadın isə aclıq aksiyasını sona qədər davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında normal tibbi müayinədən keçirilmir və daimi həkim nəzarəti altında deyil.

Nigar Bağırova avqustun 15-də daha beş qadınla birlikdə saxlanılıb. Onlar İmam Hüseynə ehsan vermək və Fələstinə dəstək şüarları səsləndirməkdə ittiham olunublar. Lakin həbs edilənlər arasında sözügedən ehsan aksiyasında iştirak etməyən qadınların da olduğu bildirilir.

Saxlanılan qadınlar azadlıqlarının təmin edilməsini tələb edərək aclıq aksiyasına başlasalar da, sonradan aksiyanı dayandırıblar. Hazırda aclıq aksiyasını davam etdirən yeganə inanclı qadının Nigar Bağırova olduğu qeyd olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun