Əli Kərimlinin mühafizəçisinə yeni ittiham irəli sürüldüyü bildirilir

Əli Kərimlinin mühafizəçisinə yeni ittiham irəli sürüldüyü bildirilir
15 Dekabr 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin həbsdə olan ictimai əsaslarla mühafizəçisi Novruz Tağıyevə qarşı yeni ittiham irəli sürüldüyünü açıqlayıb.

Partiyanın məlumatına görə, Tağıyev vəsiqə və ya digər rəsmi sənədi saxtalaşdırma, qanunsuz hazırlama və ya satmaqda təqsirləndirilir. AXCP vurğulayır ki, Tağıyev azadlıqda olarkən Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub.

Novruz Tağıyev bu il mayın 20-də həbs olunub. O, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham olunub. İttihama görə, ev alqı-satqısında vasitəçiliklə məşğul olan Tağıyev mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb.

Tağıyev isə özünü təqsirli bilmir. Onun sözlərinə görə, həbsindən bir neçə gün əvvəl Nicat adlı şəxs ev almaq istədiyini deyib və ev tapılandan sonra beh kimi 1 000 manat verib: “Behi də ev sahibinə verdik. Bir gün sonra Nicat qaynı kimi təqdim olunan adamla ofisə gəldi. Əlində də ətir və bağlama vardı. Dedi ki, evə görə təşəkkür edirəm. Guya onlardan 71 min pul almışam. Kim alqı-satqısız adama 71 min pul verər?!”.

AXCP həmçinin bildirir ki, Tağıyev Bakı İstintaq Təcridxanasından Yasamal Rayon Polis İdarəsinə gətirilib və artıq bir həftəyə yaxındır idarədə saxlanılır. Partiyanın iddiasına görə, bu müddətdə ona ailəsi ilə görüşə icazə verilmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) və digər rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun