Ruslan İzzətlinin səhhətindəki problemlərin kəskinləşdiyi, əməliyyata ehtiyacı olduğu deyilir

Ruslan İzzətlinin səhhətindəki problemlərin kəskinləşdiyi, əməliyyata ehtiyacı olduğu deyilir Foto: sosial media
8 Dekabr 2025
Mətni dəyiş

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində problemlərin yarandığı bildirilir. Bu barədə onun həyat yoldaşı Günel Manaflı dekabrın 7-də sosial şəbəkədə məlumat yayıb.

Manaflının sözlərinə görə, o, şənbə günü İzzətli ilə görüşüb və siyasətçinin yüksək təzyiq, baş ağrısı, eləcə də öd nahiyəsində ağrılardan əziyyət çəkdiyini görüb. Bildirilib ki, Ruslan İzzətli təzyiqini yalnız hər gün dərman qəbul etməklə normada saxlaya bilir.

Açıqlamada qeyd olunur ki, son təxminən 10 gündür ödündə kəskin ağrılar başlayıb və dözümsüz ağrılara görə ona mütəmadi olaraq ağrıkəsici vurulmasına ehtiyac yaranır.

Günel Manaflı yazıb ki, həkim müayinəsi və USM-dən sonra ödünün müalicəyə tabe olmadığı, əməliyyatla götürülməsinin vacib olduğu bildirilib. Onun sözlərinə görə, həbsxana şəraitində belə müdaxilənin mümkün olmaması vəziyyəti daha da riskli edir.

Manaflı həmçinin İzzətlinin həyatına təhlükə yarandığını vurğulayaraq, ödünün kəskinləşməsi halında qan zəhərlənməsi riskindən bəhs edib və bunun “həyəcan siqnalı” olduğunu bildirib. O, Ruslan İzzətlinin başına hər hansı hadisə gələrsə, məsuliyyətin hakimiyyətin üzərində olacağını qeyd edib.

Ruslan İzzətli ötən ilin martında “Toplum TV işi” çərçivəsində həbs edilib. Bu iş üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. Təqsirləndirilənlər arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev də var. Jurnalist Elmir Abbasov polis nəzarətinə buraxılıb. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra onun barəsində qətimkan tədbiri polis nəzarətinə verilmə ilə əvəzlənib.

Onlara qarşı ittihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan daha ağır ittihamlarla əvəzlənib. 

Təqsirləndirilən şəxslər iddiaları rədd edir və həbslərinin siyasi sifariş olduğunu bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun