Tbilisi aksiyalarında kimyəvi maddə qalmaqalı: Gürcüstan DTX-si etirazçılara “kamit”in tətbiq olunmadığını deyir

Tbilisi aksiyalarında kimyəvi maddə qalmaqalı: Gürcüstan DTX-si etirazçılara “kamit”in tətbiq olunmadığını deyir
9 Dekabr 2025
Mətni dəyiş

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2024-cü ilin dekabrında keçirilən etiraz aksiyaları zamanı polisin etirazçılara kimyəvi maddə səpdiyini etiraf edib, lakin bunun Birinci Birinci Dünya Müharibəsindən qalma kimyəvi agent - “Kamit” (bromobenzil siyanid) deyil, hüquq-mühafizə orqanlarının dünyada geniş istifadə etdiyi gözyaşardıcı qaz olduğunu bildirib.

DTX-in açıqlaması “BBC”nin Gürcüstan polisinin etirazçılara “kamit” adlı, Birinci Dünya müharibəsi dövründən qalan kimyəvi maddə tətbiq etdiyini iddia edən araşdırmasından sonra gəlib.

DTX rəhbərinin müavini Laşa Maqradze şənbə günü keçirdiyi brifinqdə bildirib ki, gözyaşardıcı qaz - CS (xlorbenziliden malononitril) qazı “davam edən mitinqlər zamanı zərurətə uyğun olaraq” istifadə olunub və xüsusilə 4–5 dekabr gecəsini qeyd edib. O, polisin buna qədərki günlərdə hansı maddələrdən istifadə edib-etmədiyi barədə isə açıqlama verməyib.

Hökumətin Avropa İttifaqı ilə bağlı siyasətində geri addım atmasına qarşı etirazlar noyabrın 28-də başlayıb. Elə həmin tarixdən etibarən sərt polis müdaxiləsi, o cümlədən su şırnaqlarından istifadə barədə məlumatlar yayılıb.

28–29 noyabr gecəsi Rustaveli prospektində keçirilən aksiyada olan bir çox şəxslər, o cümlədən “OC Media”nın jurnalisti Mariam Nikuradze naməlum kimyəvi maddə ilə təmas yaşadıqlarını bildirib. Nikuradzenin sözlərinə görə, su şırnağı ilə üzünə dəyən maye gözlərində, üzündə, boğazında və bədənin digər hissələrində güclü yanma hissi yaradıb. O, bu təsirin bibər qazı və ya adi gözyaşardıcı qazdan tam fərqli olduğunu deyib və təcili tibbi yardım çağırıb.

Bununla belə, Mağradze brifinqdə Daxili İşlər Nazirliyinin “belə bir maddə” “heç vaxt satın almadığını” iddia edib.

“BBC”nin dekabrın əvvəlində yayımladığı sənədli araşdırma Gürcüstanda geniş ictimai müzakirələrə səbəb olub. Araşdırmada “kamit” adlandırılan kimyəvi maddədən 2024-cü ildə Tbilisidəki etirazlar zamanı istifadə edildiyinə işarə edən dəlillərin tapıldığı bildirilib. Sənəddə qeyd olunur ki, bu maddə uzunmüddətli təsirləri ilə bağlı narahatlıqlar səbəbindən 1930-cu illərdən etibarən istifadədən çıxarılıb.

Müxalif tənqidçilər qalmaqalın dərinləşdiyini deyərək rəsmi təkzibləri və fərqli versiyaları şübhə altına alırlar. Həftəsonu Daxili İşlər Nazirliyinin sabiq silahlanma rəisi, 2022-ci ildə istefa verən və “BBC” araşdırmasının əsas məlumat verənlərindən biri kimi təqdim olunan Laşa Şergelaşvili “Formula” telekanalına müsahibəsində DTX-ni “yalan danışmaqda” ittiham edib.

Hazırda Ukraynada olduğu bildirilən Şergelaşvili iddia edib ki, “kamit” Gürcüstanda hələ 2009-cu ildə sınaqdan keçirilib, lakin o dövrdə istifadəsi həddən artıq toksik sayılıb. O, həmçinin bu maddənin 2020-ci ildə bir etiraz aksiyasının dağıdılmasında tətbiq olunduğuna əmin olduğunu deyib.

Maqradze isə brifinqdə Şergelaşvilini nüfuzdan salmağa çalışaraq onun Ukraynanın təşkil etdiyi iddia olunan planla bağlı istintaqa cəlb edildiyini bildirib. Söhbət oktaybrın 4-də keçirilən bələdiyyə seçkiləri ərəfəsində Gürcüstana partlayıcıların gətirilməsi ilə bağlı iddialardan gedir. Bu “planı” hökumətə yaxın media daha əvvəl geniş müzakirə etsə də, Mağradzenin brifinqi Şergelaşvilinin adının ilk dəfə rəsmi şəkildə çəkildiyi açıqlama kimi diqqət çəkib.

Bu arada “Gürcü Arzusu” partiyasının rəsmiləri, o cümlədən Prezident Mixeil Kavelaşvili “BBC” araşdırmasını gözdən salmağa yönələn çıxışlarını davam etdiriblər. Kavelaşvili bazar günü hökumətyönlü “Imedi” telekanalına müsahibəsində araşdırmanı “dərin dövlətin” qisası kimi qiymətləndirib.

“Dərin dövlət” və “qlobal müharibə partiyası” kimi ifadələr “Gürcü Arzusu”nun tez-tez səsləndirdiyi konspirativ narrativlərdə yer alır və partiyanın iddiasına görə, bu “kölgə qüvvələr” Gürcüstan hökumətini devirməyə və ölkəni Rusiya ilə müharibəyə sürükləməyə çalışırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun