Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Proses hakim Azər Tağıyevin sədrliyi ilə ölkədə olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edib.
“Toplum TV”nin məlumatına görə, şahid qismində ifadə verən III Respublika Platformasının qurucu heyət üzvü Araz Əliyev bildirib ki, 2023-cü ilin dekabrında inzibati qaydada həbs olunarkən müsadirə edilən texniki avadanlıqlar bu günə qədər geri qaytarılmayıb. Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı izahat da təqdim etməyib.
İclasda təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Ramil Babayev istintaq müddətində qanunsuzluqlara yol verdiyini iddia etdiyi polis və prokurorluq əməkdaşlarının məsuliyyətə cəlb olunması üçün vəsatət qaldırıb. İDİ rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov da vəsatəti dəstəkləyib. Məhkəmə vəsatəti təmin etməyib.
“Toplum TV”nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli isə cərrahi əməliyyat üçün növbəti dəfə ev dustaqlığına buraxılmaqla bağlı vəsatət verib. O, artıq ölkədə olan şahidlərin hamısının dindirildiyini və dövlət ittihamçısının əvvəlki iddialarının əksinə, şahidlərə təsir etmək imkanının qalmadığını bildirib.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətə etiraz edərək bu dəfə Ələsgər Məmmədlinin “hakimə təsir edə biləcəyini” iddia edib. Məhkəmə bu vəsatəti də təmin etməyib.
Ələsgər Məmmədli hakimə bildirib ki, indiyədək ev dustaqlığına buraxılması üçün 10 dəfə vəsatət verib və hər dəfə müdafiə tərəfindən hüquqi əsaslandırma tələb olunub: “Təqsirləndirilən şəxsin hakimə təsir edəcəyini deyən prokurordan isə belə bir əsaslandırma tələb olunmur”.
Hakim vəsatətin təmin edilmədiyini elan etdikdən sonra təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimin “aqressiv” davrandığını soruşub. Hakim bunu inkar edib. Ruslan İzzətli isə zarafatla “Deyəsən, bizi buraxmaq istəyirdiniz, müşavirədə zəng gəldi deyə buraxa bilmirsiniz, ona görə acıqlısınız” deyib.
Ruslan İzzətli çıxışında saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində şəraitdən şikayətlənərək “təzyiqölçən belə yoxdur” söyləyib. Onun sözlərinə görə, USM aparatı olsa da, həkim yoxdur və 4 mindən çox məhbusun saxlanıldığı müəssisədə bu problem dəfələrlə qaldırılsa da, nəticə əldə edilməyib.
Növbəti məhkəmə iclası dekabrın 29-na təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər haqqında cinayət işi açıldığı bildirilir. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, İDİ əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Bu iş üzrə saxlanılanlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunsalar da, sonradan ittihamların ağırlaşdırıldığı bildirilir. Təqsirləndirilənlər ittihamları rədd edir və həbslərinin siyasi sifarişlə bağlı olduğunu deyirlər.