Dekabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam etdirilib.
“Toplum TV”nin məlumatına görə, müdafiə tərəfi Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) təlimlərində iştirak etmiş şahid Əli Fətullayevin ibtidai istintaqa verdiyi ifadələrdə ciddi ziddiyyətlər olduğunu bildirib. Qeyd olunub ki, şahid istintaqa iki dəfə ifadə verib. İlk ifadəsində İDİ-nin maliyyələşməsi barədə məlumatı olmadığını desə də, ikinci ifadəsində guya institutun donor təşkilatların qrantları hesabına maliyyələşdiyini iddia edib.
Təqsirləndirilən şəxslərin sualları zamanı məlum olub ki, Fətullayev ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsinə müsadirə edilmiş telefonunu geri almaq üçün gedib. Onun sözlərinə görə, telefonun yalnız yenidən ifadə verəcəyi halda qaytarılacağı bildirilib. Müdafiə tərəfi bunu polisin təzyiqi kimi qiymətləndirib.
İbtidai istintaqdakı ifadəsində Əli Fətullayev “Toplum TV”nin və İDİ-nin qrantlarla maliyyələşdiyini İDİ əməkdaşı Ramil Babayevə istinadən söylədiyi göstərilib. Lakin həm şahid, həm də Ramil Babayev məhkəmədə bu fikirləri təkzib ediblər. Əli Fətullayev bildirib ki, konkret mənbə göstərməyib və ümumi danışıb. Müdafiə tərəfi isə ifadəni istintaqçıların bu formada yazdığını deyib.
Vəkil Günay İsmayılova şahiddən ifadəsində təqsirləndirilən şəxslərin şəxsi həyatına dair məlumatların niyə yer aldığını soruşub. Əli Fətullayev belə məlumatlar vermədiyini və istintaqa bu məzmunda heç nə demədiyini bildirib.
Digər şahid Nigar Nəcəfova ifadəsində istintaqa onu polisin dəvət etdiyini deyib.
Müdafiə tərəfi buna etiraz edərək bildirib ki, ofisdə reyd keçirilib və orada olan şəxslər zorla polis idarəsinə aparılıb.
Şahid qismində dindirilən İDİ təlim iştirakçısı Ramin Əliyev heç kimdən ödəniş almadığını və institutun maliyyə məsələləri barədə məlumatının olmadığını deyib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin sualına cavab olaraq Ramin Əliyev təlimlərin faydalı olduğunu, demokratik institutlar və layihələrin hazırlanması barədə biliklər əldə etdiyini bildirib.
Şahidlərin dindirilməsindən sonra “Toplum TV” əməkdaşı Fərid İsmayılov əvvəlki məhkəmə prosesindəki mübahisəni əsas gətirərək dövlət ittihamçısı Rauf Malışovun işdən kənarlaşdırılması barədə vəsatət qaldırıb. O, əvəzində baş prokuror Kamran Əliyevin məhkəməyə çağırılmasını tələb edib. Məhkəmə vəsatəti təmin etməyib.
Proses zamanı hakim təqsirləndirilənlərdən Əli Zeynal və Ruslan İzzətlinin gülüşməsini məhkəməyə hörmətsizlik kimi qiymətləndirib. Ruslan İzzətli buna cavab olaraq, “Məhkəmə var burada? Qərar əvvəldən verilib, indi şou gedir”, - deyib.
Növbəti məhkəmə prosesi dekabrın 8-nə təyin olunub.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs ediliblər.
Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəl ev dustaqlığına buraxılıb, sonradan barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
Həbs olunanlar əvvəl qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamlar ağırlaşdırılıb. Onlar ittihamları qəbul etmir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.