Sevinc Vaqifqızından Ombudsmana: “İdarəniz yenə ört-basdır siyasətini seçib”

Sevinc Vaqifqızından Ombudsmana: “İdarəniz yenə ört-basdır siyasətini seçib”
5 Fevral 2025
Mətni dəyiş

“Abzas Media”nın bir ildən artıqdır əsassız ittihamlarla həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb.

Jurnalist məktubunda qeyd edib ki, Səbinə Əliyevanın “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib.

Sevinc Vaqifqızının Ombudsman Səbinə Əliyevaya açıq məktubunu olduğu kimi təqdim edirik.

“Xanım Əliyeva, bu, mənim sizə ilk açıq məktubumdur. Amma həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə 2 məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Sizə yazdığım halları abzasçılar olaraq həm də media vasitəsilə ictimailəşdirmişik.

Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda “Human Rights Watch” təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, “Milli Preventiv Qrupun üzvləri “Human Rights Watch”ın hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb”.

Abzasçılar olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə noyabrın 13-də Elnarə Qasımova, noyabrın 14-də Nərgiz Absalamova və bu yazının müəllifinə qarşı zorakı davranış barədə sizə xəbər göndərmişik. Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq.

Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız.

Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var.

Ülvi ilə dəhlizdə salamlaşmaq istəyərkən təcridxana əməkdaşının onu divara çırpıb xəsarət yetirməsi də “unutduğunuz” digər bir faktdır.

Belə görürəm son iki həftədə təcridxananın nəzarətçisi Aygül Babayevanın Nərgiz Absalamovaya və bu yazının müəllifinə qarşı qeyri-insani hərəkəti də sizin üçün ötüşdürüb keçdiyiniz xəbərlərdəndir.

Yox, əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, təcridxanaya gəlin. Aygül Babayevanın zorakı hərəkəti ucbatından Nərgizin soyulmuş dərisini görə bilərsiniz.

Aygül Babayeva deyir ki, o, təlimat əsasında işləyir və təlimatı verən də təbii ki, təcridxananın rəisi Elnur İsmayılovdur. O da deyir ki, “knopka”ya bağlı adamdır və yuxarılar nə deyirsə, onu da edir. Sizə şikayət edəcəyimizi deyəndə rəis cavab verir ki, “Ombudsman da bizim adamdır. Biz nə desək, onunla razılaşacaqlar”.

Sizin “Human Rights Watch”a açıq məktubunuz da göstərir ki, təkcə bu təcridxanada saxlanılan siyasi məhbuslar yox, bütün saxlanılanlara qarşı qeyri-insani rəftarı siz gündəlik norma, məqbul hərəkət kimi qəbul edirsiniz.

Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib.

Son bir ayda həbs yerlərində 11 nəfərin lazımi müalicə ala bilmədiyinə görə o tabutlarda evə göndərilməsi də sizin üçün fakt deyil. Yəqin siz də seçkilər vaxtı Qazax rayonundakı məntəqə üzvü kimi “O, sizin üçün ölüb, bizim üçün yaşayır” tərzində cavab hazırlamağa çalışırsınız. Amma bununla faktları danmırsınız, əksinə İnsan Hüquqları üzrə Müvəkkil adına layiq olmadığınızı göstərirsiniz”, – Sevinc Vaqifqızının məktubunda deyilir.

Yanvarın 31-də Ombudsman Səbinə Əliyeva “HRW”un icraçı direktoru Tirana Həsənə açıq məktub ünvanlayıb. Məktubda qeyd edilir ki, “HRW” Azərbaycanda insan haqlarının vəziyyətinə dair  hesabatı “şübhəli və qərəzli mənbələrə” istinadən, Ombudsmanın illik və paralel hesabatları nəzərə alınmadan hazırlanıb.

“HRW”un 2025-ci il yanvarın 16-da dərc etdiyi illik hesabatda  Azərbaycanda repressiyaların gücləndiyi, o cümlədən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və fəalların həbs olunduğuna dair məlumatlar yer alıb.

Hesabatda Azərbaycan həbsxanalarında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib.

Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib.

Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb.

Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun