Çexiya Xarici işlər naziri Yan Lipavski ABŞ-nin “Azad Avropa/Azadlıq Radiosu”nun (RFE/RL) maliyyələşdirilməsini dayandırmasının ardından, Avropa İttifaqı nazirlərinin bu gün - martın 17-də keçiriləcək görüşündə bu medianın gələcəyini müzakirə etmək istədiklərini bildirib.
“Əvvəlcə nəsə etmək üçün siyasi iradənin olub-olmadığını müəyyən etməliyik. Bu səbəbdən bu gün bu məsələni qaldıracağam”, – deyə Lipavski Brüsseldə keçirilən Aİ xarici işlər nazirlərinin toplantısından öncə qeyd edib.
Martın 15-də ABŞ Prezidenti Donald Tramp yeddi federal agentliyin, o cümlədən ABŞ-nin Qlobal Media Agentliyinin (USAGM) ixtisar edilməsi ilə bağlı fərman imzalayıb. USAGM “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” və bəzi digər media qurumlarını koordinatorluq edir.
Sənəddə qeyd olunur ki, hər bir agentliyin rəhbəri yeddi gün ərzində prezident administrasiyasının büdcə idarəsinə Trampın fərmanına riayət olunduğunu təsdiq edən və agentliyin hansı komponentlərinin və ya funksiyalarının “qanunla məcburi olduğunu və hansı dərəcədə” olduğunu izah edən hesabat təqdim etməlidir.
Fərman dərc edildikdən bir neçə saat sonra “ABC News”un keçmiş müxbiri, jurnalist Tara Palmeri USAGM-in göndərdiyi iddia olunan məktubu yayımlayıb. Məktubda Konqresin təsdiqlədiyi “RFE/RL”in maliyyələşdirilməsi üçün nəzərdə tutulan qrantın dayandırıldığı bildirilir.
Məktuba USAGM-in baş direktorunun səlahiyyətlərini icra edən şəxsin baş müşaviri kimi özünü təqdim edən Kari Leyk imza atıb. O, həmin səlahiyyətləri ona icraçı direktorun verdiyini qeyd edib.
Tramp Leyki “Amerikanın Səsi” radiosunun rəhbəri vəzifəsinə təyin etsə də, onun təyinatını Beynəlxalq Yayım Məsləhət Şurası təsdiqləməlidir.
“Azad Avropa/Azadlıq Radiosu” ilə qrant müqaviləsinin ləğvi Amerikanın düşmənləri üçün böyük bir hədiyyə olacaq. İranlı ayətullahlar, Çinli kommunist liderlər, eləcə də Moskva və Minskdəki avtokratlar, “RFE/RL”in 75 illik fəaliyyətindən sonra bağlanmasını bayram edəcəklər. Rəqiblərimizin qələbə qazanmasına icazə vermək onları gücləndirmək, Amerikanı isə zəiflətmək deməkdir” – deyə “Azad Avropa/Azadlıq Radiosu”nun prezidenti və baş direktoru Stiven Kapus bildirib.
Kapusun sözlərinə görə, “RFE/RL” tarix boyu ABŞ-ninn hər iki aparıcı siyasi partiyasından geniş dəstək qazanıb.
“Biz olmadan, qapalı cəmiyyətlərdə yaşayan və hər həftə bizdən etibarlı xəbərlər və məlumatlar alan təxminən 50 milyon insan ABŞ və dünya haqqında həqiqətdən məhrum olacaq”, – deyə o vurğulayıb.
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) ABŞ Konqresinin liderlərini Trampın əmrindən USAGM-i qorumağa çağırıb.
“Ağ Evin Konqresin maliyyələşdirdiyi və dünyada avtoritar rejimlərin narrativlərinə meydan oxuyan müstəqil jurnalistikanı dəstəkləyən agentliyi məhv etməyə çalışması biabırçılıqdır”, – deyə Komitənin proqram direktoru Karlos Martinez de la Serna bəyanatında qeyd edib.
USAGM – ABŞ-nin müstəqil hökumət agentliyidir və hər həftə təxminən 361 milyon insana 50-dən çox dildə xəbər və informasiya yayımını koordinasiya edir.
USAGM 2025-ci il üçün 950 milyon dollar maliyyə yardımı tələb edib. Bu vəsait “Azad Avropa/Azadlıq Radiosu”, “Amerikanın Səsi” (VOA), “Azad Asiya Radiosu”, “Radio Marti” (Kuba), “Orta Şərq Yayım Şəbəkəsi” (MBN) və internet layihələrinin inkişafı ilə məşğul olan Açıq Texnologiya Fondu kimi media qurumlarını maliyyələşdirmək üçün nəzərdə tutulub.
“New York Times”, “CNN” və “NPR” jurnalistləri bildiriblər ki, “Amerikanın Səsi” radiosunun əməkdaşları artıq inzibati məzuniyyətə göndərilib.