Azərbaycan həbsdəki jurnalistlərin sayına görə Belarusdan sonra ikincidir

Azərbaycan həbsdəki jurnalistlərin sayına görə Belarusdan sonra ikincidir Foto: Getty Images
6 Mart 2025
Mətni dəyiş

Azərbaycan 2024-cü ildə həbsdə olan jurnalist və media əməkdaşlarının sayına görə Avropa Şurası ölkələri arasında ilk sıralarda yer alıb. Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatlarının martın 5-də yayımladığı illik “Avropa Mətbuat Azadlığı” hesabatında belə deyilir. 

Hesabata əsasən, ötən il dekabrın 31-dək Avropada 159 jurnalist həbsdə olub. Onların 44-ü Belarusun, 30-u Azərbaycanın, 29-u Rusiyanın (28-i Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində), 27-si Türkiyənin və biri Gürcüstanın payına düşür.

Gürcüstanda həbsdə olan jurnalist Azərbaycanın hüquq mühafizə orqanlarının istəyi üzrə saxlanılan Əfqan Sadıqovdur.

Hesabatda ötən il Avropada jurnalistlərə qarşı təzyiqlərə və təhdidlərə də toxunulub.

Jurnalistlərin Təhlükəsizliyi Platforması 2024-cü il ərzində jurnalistlərə qarşı 266 fiziki hücum, hədə-qorxu, həbs, cəzasızlıq və digər məhdudlaşdırıcı hal qeydə alıb.

Hesabata görə, medianın azadlığına təsir edən amillərdən biri ötən il Avropa Şurasına üzv ölkələrdə və ABŞ-də keçirilən bir çox seçkilərdə qeyri-liberal və populist partiyaların qələbəsidir.

Avropa Şurası bildirib ki, jurnalistlərin təhlükəsizliyi və mənbə gizliliyi üçün digər ciddi təhdid casus proqramlarıdır. Jurnalistlərin izlənməsi geniş yayılıb və bunun aşkarlanması çətinləşib. Ötən il üç ölkədə bu hal qeydə alınıb.

Qeyd olunub ki, mühacirətdəki jurnalistləri susmağa məcbur etmək üçün hüquqi tədbirlərlə hədəf alınması ilə bağlı hallar sənədləşdirilib: 

“Bəzi hökumətlər beynəlxalq hüquqi alətləri, məsələn, İnterpolun “qırmızı xəbərdarlıq”larını sui-istifadə edərək mühacirətə gedən jurnalistləri hədəf alır, bu isə qlobal miqyasda mətbuat azadlığını zəiflədir”.

Hesabat müəllifləri Azərbaycanın “Media haqqında” qanununun mətbuat azadlığını boğmaqda davam etdiyini bildirərək qanuna yenidən baxılmalı olduğunu vurğulayıblar.

“Bu qanun jurnalistlərin ictimai nəzarətçi roluna xələl gətirir və medianın müstəqilliyini daha da korlayır”, - deyə hesabatda vurğulanır.

Sənəddə Azərbaycanın adı həmçinin jurnalistlərin qətlə yetirildiyi işlərdə cəzasızlıq hallarına görə çəkilib. Platformanın reyestrində Azərbaycanla bağlı iki belə iş var: mərhum jurnalistlər Elmar Hüseynov və Rafiq Tağının işləri.

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində 20-dən artıq jurnalist, o cümlədən “Abzas Media”, “Toplum TV” və “Meydan TV” kimi müstəqil media orqanlarının Azərbaycandakı tam heyəti həbs edilib, redaksiyaları qapadılıb.

Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatları – Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi, Avropa və Beynəlxalq Jurnalistlər Federasiyaları və digərləri Azərbaycanda təzyiqlərin dayandırılmasına və jurnalistlərin azad edilməsinə dair dəfələrlə çağırış ediblər.

Azərbaycan hökuməti jurnalistlərin konkret cinayət əməllərinə dair şübhələr əsasında həbs edildiyini bildirsə də, insan hüquqları təşkilatları hökumətə tənqidi mövqeyi ilə seçilən müstəqil media orqanlarının hədəf alınmasını siyasi motivli, jurnalistlərə qarşı ittihamları qondarma hesab edirlər.

Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.

Hökumət bir qayda olaraq fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun