Pərviz Bağırov: “Ümumi layihələrin büdcəsi 20 milyon manata yaxındır və onların dayandırılması Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi təsir göstərəcək”
Avropa İttifaqının təhsilə dəstək kimi tanınan “Erasmus+” proqramının Azərbaycanda həyata keçirilən bütün layihələri qeyri-rəsmi şəkildə dayandırılıb. Artıq yeni layihələr qeydiyyata alınmır, aktiv proqramların icrasına xita verilir.
Bu məlumatı Azərbaycandakı Milli “Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov öz feysbuk hesabında yayıb. O bildirib ki, yüzlərlə “ICM” tələbə və müəllim mübadilələri, Ali Təhsildə Potensialın Gücləndirilməsi (CBHE) layihələri, “Jean Monnet” təşəbbüsləri və digər layihələrlə bağlı hər hansı irəliləyiş yoxdur.
“Yaranmış vəziyyətlə əlaqədar Milli “Erasmus+” Ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər. İllər boyu “Erasmus+” çərçivəsində yüzlərlə layihə həyata keçirilib, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb və təcrübə qazanıb. Universitetlərimiz müasir innovativ layihələrə qoşulub, elm və təhsil sahəsində mühüm tərəfdaşlıqlar qurulub”, – deyə Pərviz Bağırov vurğulayıb.
O qeyd edib ki, ümumi büdcəsi 20 milyon manata yaxın olan 27 layihənin icrasının dayandırılmasının Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi mənfi təsirləri olacaq.
• Tədqiqat potensialının artırılması – Azərbaycan universitetlərində tədqiqat imkanlarını genişləndirmək və innovativ yanaşmaları təşviq etmək məqsədilə həyata keçirilən layihələr
• Dayanıqlı sahibkarlıq ekosisteminin inkişafı – Universitetlərdə sahibkarlıq ruhunu artırmaq, startapları dəstəkləmək və gənclərin biznes bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulan layihələr
• Yaşıl enerji və iqlim dəyişikliyi – Alternativ enerji mənbələri və iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların tədrisə inteqrasiyasına yönəlmiş layihələr
• Enerji səmərəliliyi və qarşılıqlı əməkdaşlıq – Qlobal enerji səmərəliliyi təşəbbüslərini dəstəkləyən və yerli universitetlərdə müvafiq sahədə biliklərin artırılmasına yönəlmiş layihələr
• Açıq elm və rəqəmsal transformasiya – Universitetlərdə açıq elm anlayışının tətbiqi və rəqəmsal alətlərin akademik mühitə inteqrasiyasına kömək edən təşəbbüslər
Pərviz Bağırov bildirib ki, “Erasmus+” layihələrində 32 Azərbaycan ali təhsil müəssisəsi iştirak edir. O əlavə edib ki, həmin təhsil müəssisələrinin Avropa universitetləri ilə qurduğu akademik əməkdaşlıq bu layihələr vasitəsilə formalaşıb və bu prosesin dayanması həmin universitetlərin beynəlxalq fəaliyyətinə ciddi zərbə vura bilər.
“Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat verilib və problemin həlli yolu axtarılır”, – o əlavə edib.
Pərviz Bağırov qeyd edib ki, “Erasmus+” sayəsində Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyası sürətlənib və Azərbaycana yeni biliklər və bacarıqlar gətirilib. Bu layihələr hesabına bir çox universitetlərdə müasir elmi laboratoriyalar qurulub, yeni texnologiyaların tətbiqi mümkün olub və araşdırma imkanları genişlənib.