Ermənistan Azərbaycanın mövqelərinə atəş açması ilə bağlı Rəsmi Bakının iddialarını təkzib edib və Azərbaycan Müdafiə Nazirliyinin bu ittihamları sübut edən “faktlar təqdim edəcəyi təqdirdə” onları araşdırmağa hazır olduğunu bəyan edib
Bu təklif bazar ertəsi Ermənistanın Müdafiə Nazirliyinin yaydığı bəynatda yer alıb. Həmin bəyanatda Ermənistan qoşunlarının gün ərzində Syunik və Geqarkunik vilayətlərindən Azərbaycan mövqelərinə atəş açması ilə bağlı Bakının iddiaları təkzib edilib.
Ermənistan tərəfi bununla son iki gün ərzində dördüncü dəfə idi ki, Azərbaycanın bu iddialarını təkzib edən açıqlama verirdi. Amma bəyanatda Azərbaycanın iddialarını araşdırmaq təklifi Ermənistanın adətən istifadə etdiyi ritorikasını dəyişdiyini göstərir.
Ermənistan Müdafiə Nazirliyi vurğulayıb ki, Baş nazir Nikol Paşinyanın ofisi atəşkəsin pozulması halları ilə bağlı birgə erməni-azərbaycanlı araşdırma mexanizminin yaradılmasını təklif edib, lakin Azərbaycan bu təklifə “indiyədək cavab verməyib”.
Azərbaycan bazar günü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin bu ölkənin Gorus rayonunun Dığ (Tegh) yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən atəş açdığını bəyan edib və Ermənistanı hərbi təxribatda ittiham edib.
Bu ittihamlardan bir neçə saat sonra rəsmi Bakı Ermənistan hərbçilərinin Gorus rayonunun Xəzinəvar (Xaznavar) yaşayış məntəqəsindən Azərbaycanın mövqelərinə atəş açdığını bildirib.
Günün sonuncu ittihamı axşam saatlarında səsləndirilib və Azərbaycan Gorus rayonu yaxınlığındakı Burun (Akner) kəndindən hərbi bölmələrinə atəş açmaqda günahlandırıb.
Ermənistan Müdafiə Nazirliyi isə bu ittihamlara cavab olaraq üç dəfə eyni məzmunda bəyanat yayıb və Azərbaycan Müdafiə Nazirliyinin iddialarının “həqiqəti əks etdirmədiyini” açıqlayıb.
Ermənistan parlamentinin spikeri Alen Simonyan da bu ittihamlarla bağlı “Armenpress” agentliyinə müsahibəsində Azərbaycan Silahlı Qüvvələrinin iddialarını “İlham Əliyevin etimadın olmadığına dair bəyanatını əsaslandırmaq məqsədi güdən yeni dezinformasiya kampaniyası” adlandırıb.
Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin martın 13-də Ermənistan və Azərbaycanın sülh sazişi ilə bağlı razılığa gəldiklərini elan etdikləri gün verdiyi bəyanata istinad edib.
“Hesab edirəm ki, bu, Azərbaycan prezidentinin bəyanatını əsaslandırmaq üçün edilib. O, Ermənistan tərəfinə, demək olar ki, etimadlarının olmadığını bildirib ki, bu da məni təəccübləndirir, çünki bizim fəaliyyətimiz və müqavilənin yekunlaşdırılması ilə bağlı bəyanatın məntiqi bunun əksini göstərir", – Simonyan qeyd edib.
Azərbaycanın bu ittihamları Ermənistanla sülh sazişi barədə razılığa gəldiyini elan edəndən bir neçə gün sonra səsləndirilib. Sülh sazişi barədə razılığın elanından sonra Azərbaycan tərəfi sazişlə bağlı əlavə bəyanatlar verib.
Belə ki, razılaşmanın elan edilməsindən bir neçə saat sonra Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Konstitusiyasına düzəlişlər edilməsini və ATƏT-in "köhnəlmiş və funksional olmayan" Minsk Qrupunun buraxılmasını sülh sazişinin imzalanması üçün ilkin şərtlər kimi təqdim edib.
Ermənistan Konstitusiyaya düzəlişlərin edilməsinin sülh danışıqlarının tərkib hissəsi olmadığını dəfələrlə bəyan etsə də, Azərbaycan hökuməti bu istiqamətdə aktiv təşəbbüslər irəli sürməkdə davam edib.
Ermənistanın atəşkəsin pozulması hallarını araşdırmağa hazır olduğunu bəyan edəndən sonra Azərbaycan Müdafiə Nazirliyi üç yeni bəyanat yayaraq Ermənistanı əlavə hücumlarda, o cümlədən çərşənbə axşamı səhər saatlarında baş verdiyi iddia edilən bir hücumda ittiham edib.
Azərbaycan tərəfinin bəyanatlarında Ermənistanın atəşkəs pozuntusunun araşdırması təklifinə münasibət bildirilməyib.
Çərşənbə axşamı saat 12:00-a olan məlumata əsasən, Azərbaycan Ermənistanı ümumilikdə yeddi dəfə atəşkəsi pozmaqda ittiham edib.
Bu məqalə OC Media ilə əməkdaşlıq çərçivəsində yayımlanır. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.